Yerin təkindən istifadənin növlərinin siyahısı genişləndiriləcək.
Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Yerin təki haqqında" Qanunda edilən dəyişikliklərdə öz əksini tapıb.
Qanuna əsasən, su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi yerin təkindən istifadənin növləri sırasına daxil ediləcək.
Azərbaycanda su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının və sututarların təmizlənməsi nəzərdə tutulur.
Bu da həmin sututarlarda toplanmış milyonlarla kubmetr qum, qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadi dövriyyəyə cəlb olunması ilə nəticələnəcək.
Həmçinin, ölkədə yol infrastrukturunun yaxşılaşdırılması çərçivəsində yolötürücü tunellərin tikintisi yer təkindən süxurların çıxarılması ilə nəticələnir.
Sözügedən çöküntü və süxurların istifadəsinin hüquqi əsasının yaradılması onlardan istifadənin qanuniləşməsinə, hesabatlılığın təmin edilməsinə və rəqabət mühitinin təmin olunmasına xidmət edəcək.
Bundan başqa, yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Belə ki, yerin təki istifadəyə icazə əsasında bu Qanun və "Lisenziyalar və icazələr haqqında" Qanunula müəyyən olunmuş qaydada hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlar əsasında verilir.
Eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə yerin təkinin (qiymətli və əlvan metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının siyahısı da təsdiq edilib.
Milli.Az