Xəbər verdiyimiz kimi, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 uşağı dəm qazından zəhərlənib. Aprelin 3-də onlardan biri ölüb. Ata Kamil Cəbrayılovun 2 yaşlı uşağının meyitini qucağına alıb TikTok-da canlı yayıma çıxması və övladını dəfn etməyə pulunun olmadığını deməsi müzakirələrə səbəb olub. İctimaiyyətdə onun belə həssas məqamda bu addımı atması tənqid edilib və TikTok-dan pul qazanmaq cəhdi kimi qiymətləndirilib. Həmçinin ailənin çoxuşaqlı olması səbəbindən müavinət alıb-almaması müzakirə edilib.
Milli.Az xəbər verir ki, Globalinfo.az məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna (DSMF) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, hazırda ailə hər uşağa görə 140 manat olmaqla ödəniş alır:
"Cəbrayılova Afət Sərdar qızına (Kamil Cəbrayılovun həyat yoldaşı - red.) Dövlət Sosial Müdafiə Fondu tərəfindən 08.04.2022-ci il tarixindən beşdən çox uşağı olan qadınlara görə müavinət təyin edilib".
Buna əsasən, 9 uşağın olduğu Cəbrayılovlar ailəsi təxminən 1260 manat məbləğində müavinət alırmış.
Milli.Az