Türkiyənin "Qalatasaray" futbol klubunda yeni mövsüm üçün heyət planlaşdırması davam edərkən, komandanı tərk edəcək ilk futbolçunun kimliyi bəlli olub.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, rəhbərlik və baş məşqçi Okan Buruk performansı gözləntilərin altında qalan Yaser Asprilya ilə bağlı yekun qərarını verib.
İspaniyanın "Jirona" klubundan icarəyə götürülən 22 yaşlı kolumbiyalı oyunçu sarı-qırmızılı formada istənilən oyunu nümayiş etdirə bilməyib. Asprilya meydana çıxdığı səkkiz matçda ümumilikdə 272 dəqiqə oynasa da, heç bir məhsuldar hərəkətlə yadda qalmayıb.
"Qalatasaray" rəhbərliyi gənc oyunçunun müqaviləsindəki 20 milyon avronu (39 milyon 966 min AZN) aşan satınalma hüququndan istifadə etməmək qərarına gəlib. Bu halla futbolçunun mövsümün sonunda komandadan ayrılması dəqiqləşib. İspaniya təmsilçisinə qayıdacaq Asprilyanın "Jirona" ilə 2030-cu ilə qədər müqaviləsi var.
Milli.Az