Tramp: “Venesuela prezidentliyinə namizədliyimi verəcəyəm”

7 Aprel 2026 09:20

ABŞ Prezidenti Donald Trump İrandakı hərbi-siyasi vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında yenə qeyri-adi açıqlaması ilə gündəmə gəlib.

Milli.Az-ın məlumatına görə, Trump çıxışı zamanı zarafatla bildirib ki, Yaxın Şərqdəki münaqişələrin həllindən sonra yeni planları var. O, ispan dilini öyrənərək Venesuela siyasətinə qoşula biləcəyini deyib:

"Bu işləri bitirəndən sonra Venesuelaya gedə bilərəm. Orada prezidentliyə namizədliyimi irəli sürərəm", - deyə o, auditoriyanı güldürən formada qeyd edib.

ABŞ lideri həmçinin xüsusi dil qabiliyyətinə malik olduğunu iddia edərək ispan dilini çox qısa müddətdə öyrənəcəyini vurğulayıb.

Qeyd edək ki, bu açıqlama Venesuela ilə bağlı son hadisələr fonunda səsləndirilib. 2026-cı il yanvarın 3-də ABŞ tərəfindən həyata keçirilən "Mütləq Qətiyyət" (Operation Absolute Resolve) əməliyyatı nəticəsində ölkənin prezidenti Nicolás Maduro saxlanılaraq ABŞ-a aparılıb. 

Hazırda Maduro narkoterrorizm və korrupsiya ittihamları ilə məhkəmə qarşısına çıxarılıb, ölkədə isə hakimiyyət müvəqqəti olaraq vitse-prezident Delcy Rodríguez tərəfindən idarə olunur. 

Baş verənlər fonunda Trump-ın zarafat xarakterli açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hüseyn
Milli.Az