“Onu xilas etmək üçün fövqəladə yeddi saat keçirdik” - Təxliyə planından danışdı

6 Aprel 2026 00:20

ABŞ Prezidenti Donald Tramp aprelin 3-də İran hava məkanında vurulan "F-15E Strike Eagle" qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilas edilməsi ilə bağlı təfərrüatları paylaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tramp özünün "Truth Social" səhifəsindəki paylaşımında xilasetmə əməliyyatını ABŞ hərb tarixinin ən cəsarətli addımlarından biri kimi qiymətləndirib.

Onun sözlərinə görə, İran dağlarının dərinliklərində gizlənən və ağır yaralı olan polkovnik rütbəli zabit onlarla təyyarənin iştirak etdiyi xüsusi əməliyyatla xilas edilib:

"İran hərbçiləri onu səylə axtarırdılar və artıq çox yaxınlaşmışdılar. Pilotu xilas etmək üçün İran səmasında fövqəladə yeddi saat keçirdik. Bu, inanılmaz dərəcədə cəsarət və istedad nümayişi idi".

Prezident həmçinin bildirib ki, bazar ertəsi saat 13:00-da Ağ Evin Oval Ofisində hərbçilərlə birlikdə geniş mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, "F-15E" qırıcısı aprelin 3-də İranın cənub-qərbindəki Zaqros dağları üzərində vurulub. Pilotlardan biri hadisədən bir neçə saat sonra xilas edilsə də, ikinci zabit (silah sistemləri zabiti) bir gündən çox İran ərazisində gizlənməli olub. Tehran pilotun ələ keçirilməsi üçün mükafat təyin etsə də, ABŞ xüsusi təyinatlıları onu İran qüvvələrindən daha tez taparaq təxliyə edə biliblər.

Milli.Az