Zimbabvenin paytaxtı Hararedə artan Çinli investor marağı daşınmaz əmlak bazarını yenidən formalaşdırır. Yüksək gəlirli Çinlilərin lüks mənzillərə yönəlməsi qiymətləri artırarkən, şəhərdə sosial və iqtisadi balanslar da dəyişir.
Milli.Az xəbər verir ki, Harare bir müddətdir ki, Çinli zənginlərin diqqət mərkəzindədir. Əmlak məsləhətçilərinin verdiyi məlumata görə, şəhərdə qiyməti 500 min dollardan 2 milyon dollara qədər dəyişən lüks evlərə Çinli alıcılar tərəfindən böyük tələbat var. "Pam Golding Properties" və "Guest and Tanner" kimi ən azı iki iri əmlak şirkəti yeni müştərilərə xidmət göstərmək üçün mandarin dilini (çin dili) bilən işçilər işə götürüb.
"eXp Realty" şirkətinin Harare ofisində çalışan Kura Çihota bildirib ki, Çinli alıcılar adətən nağd ödəniş edirlər. Bu, həm prosesi sürətləndirir, həm də sövdələşmə zamanı onlara böyük üstünlük qazandırır.
Zimbabveyə gələn Çinlilər digər inkişaf etməkdə olan ölkələrdəki miqrantlardan fərqlənirlər. Adətən digər Afrika ölkələrinə aşağı gəlirli işçilər getdiyi halda, Zimbabvedəki Çinlilər əsasən imkanlı təbəqədəndir. Bunun səbəbi kimi Zimbabvenin yüksək savadlılıq dərəcəsi, mövcud sənaye infrastrukturu və təhsilli işçi qüvvəsi göstərilir. Həmçinin ölkənin mədənçilik sektorundakı siyasəti Çinli investorların bu sahədə yüksək gəlirli vəzifələr tutmasına şərait yaradır.
Çin ilə Zimbabve arasındakı münasibətlər 1970-ci illərə təsadüf edir. Hazırda Çin şirkətləri Zimbabvenin lityum istehsalının böyük hissəsinə nəzarət edir. Bundan başqa, polad zavodları, xrom mədənləri, elektrik stansiyaları və kənd təsərrüfatı investisiyaları ilə ölkədə geniş iqtisadi təsir zonası yaradıblar. Paytaxt aeroportunun genişləndirilməsi və yeni parlament binasının inşası da Çin tərəfindən dəstəklənən layihələrdir.
Harare müstəmləkə dövründən qalan memarlıq izlərini qorusa da, yeni Çin təsiri getdikcə daha çox hiss olunur. Belqravia bölgəsindəki "San de Li" kompleksi Çin restoranları, supermarketləri və kazinosu ilə diqqət çəkir. Regionda Çin dilində lövhələr və Asiya mətbəxi sürətlə yayılır. Hətta restoran işçiləri müştəri tələbatına görə mandarin dilini öyrənməyə başlayıblar.
Problemlər və bahalaşma
İnfrastruktur: Paytaxtda hələ də su kəsintiləri, sönülü küçə işıqları və xarab yollar kimi ciddi problemlər qalmaqdadır.
Vergi müzakirələri: Nağd ödənişlərin çoxluğu vergi nəzarətini çətinləşdirir. Yüksək inflyasiya səbəbindən ipoteka (mortgage) sistemi demək olar ki, işləmir.
Qiymət artımı: Çinli alıcıların marağı Hararedə mənzil qiymətlərinin iki rəqəmli faizlərlə artmasına səbəb olub. Lüks bölgələrdəki evlər geniş bağçaları, hovuzları və xüsusi enerji/su mənbələri ilə seçilir.
Lalə Qüdrətova
Milli.Az