Misirdə aparılan arxeoloji tədqiqatlar zamanı təxminən 3400 il əvvələ aid tabutun içərisindən çıxan təsvir dünyaca məşhur "Simpsonlar" serialının personajına bənzədildiyi üçün yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, Misirin Minya şəhəri yaxınlığındakı Tuna əl-Cəbəl bölgəsində aparılan qazıntılar zamanı antik dünyanın ən maraqlı kəşflərindən birinə imza atılıb. Yeni Krallıq dövrünə aid, yüksək rütbəli bürokratların və din xadimlərinin dəfn edildiyi möhtəşəm bir yeraltı məzarlıq aşkar edilib.
Kəşfin mərkəzində Hermopolis şəhərinin baş rahibinin qızı olan Tadi Ist-ə məxsus taxta tabut dayanır. Bu tabutu dünya miqyasında fenomenə çevirən əsas məqam qapağın daxili hissəsində olan qadın fiqurudur. Fiqurun başındakı hündür, düzbucaqlı mavi başlıq və əynindəki yaşıl paltar, müasir cizgi filmi qəhrəmanı Marc Simpson ilə son dərəcədə oxşardır.
Bu bənzərlik sosial mediada "Simpsonların kəhanətləri" müzakirələrini yenidən alovlandırsa da, arxeoloqlar məsələyə elmi izah verirlər. Onların fikrincə, bu təsvir əslində ölən şəxsin göy üzü ilə birləşməsini və ya qədim Misir səma ilahəsi Nut-u simvolizə edən ənənəvi bir təsvirdir.
2023-cü ilin oktyabrında reallaşan bu kəşf təkcə populyar mədəniyyətdəki təsadüfi bənzərliyi ilə deyil, həm də o dövrün sənət üslubu və inanc sisteminə dair təqdim etdiyi yeni məlumatlarla elm dünyası üçün böyük əhəmiyyət kəsb edir.
Lalə Qüdrətova
Milli.Az