Keşlədə 58 nəfər təxliyə olunub - Yenilənib - FOTO

5 Aprel 2026 15:33

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Qurumdan verilən məlumata görə, hazırda Bakı şəhərinin Xəzər, Sabunçu, Nizami, Binəqədi, Səbail və Qaradağ rayonlarında, həmçinin Abşeron rayonu və Bakı-Sumqayıt yolundakı su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri davam etdirilir.

Bundan əlavə, Keşlə qəsəbəsində ümumilikdə 58 nəfər vətəndaş təxliyə edilib.

xxx

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evləri subasmaya məruz qalmış 37 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.

FHN-dən Milli.Az-a verilən məlumata görə, hazırda ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Adil Abdullayev hadisə ilə əlaqədar ərazidədir.

xxx

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evlərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda su basmış evlərdən vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

Milli.Az