Mətbəxdə paxlalıların içinə mütləq bundan qoyun!: Xarab olmasının qarşısını alan ən sadə üsul

3 Aprel 2026 23:47

Mətbəxdə saxlanılan paxlalılar düzgün şəraitdə mühafizə edilmədikdə asanlıqla qurdlanır, kiflənir və dadını itirir. Bu isə həm sağlamlıq üçün təhlükəlidir, həm də ailə büdcəsinə ciddi israfdır.

Milli.Az xəbər verir ki, əslində bu problemin qarşısını ev şəraitində çox sadə üsullarla almaq mümkündür. Düyü, mərci, lobya və noxud kimi ərzaqların təravətini qorumaq üçün aşağıdakı qaydalara əməl etmək kifayətdir:

Ən effektiv yol nəmi həbs edən və təbii qoruyucu xüsusiyyəti olan məhsulları bankalara əlavə etməkdir. Məsələn, hər bankaya bir neçə ədəd dəfnə yarpağı və bir qədər qaya duzu ata bilərsiniz. Dəfnə yarpağı yaydığı təbii qoxu ilə böcəkləri ərzaqlardan uzaq tutur. Qaya duzu isə havadakı nəmi özünə çəkərək kiflənmənin qarşısını alan ən etibarlı vasitədir.

Paxlalı bitkilər mütləq şüşə və ağzı kip bağlanan qablarda saxlanılmalıdır. Şüşə qablar həm sağlamlıq baxımından ən təmiz seçimdir, həm də xarici nəmin içəri sızmasına mane olaraq ərzağın ömrünü uzadır.

Ərzaqları günəş işığına birbaşa məruz qalan yerlərdə və ya soba yaxınlığında saxlamayın. Onlar üçün ən ideal yer qaranlıq, sərin və quru dolablardır. Bu sadə qaydalara əməl etməklə ərzaqlarınızın illərlə təzə qalmasını təmin edə bilərsiniz.

Səkinə Yusifova
Milli.Az