Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən bölgələrdə həyata keçirilən ustad dərsləri davam edir. Növbəti ustad dərsinin ünvanı Neftçala şəhəri olub.
Aprelin 2-də Neftçala şəhər Camal İsmayılov adına Uşaq incəsənət məktəbində fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunub. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən ustad dərslərində Şirvan şəhər, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarında fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə çıxış edən MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova bildirib ki, ustad dərsləri regionlarda musiqi təhsilinin inkişafı baxımından çox əhəmiyyətlidir. Qeyd olunub ki, peşəkar musiqiçilərin iştirakı ilə keçirilən görüşlər şagirdlərin ifaçılıq bacarıqlarının və sənətə marağının artırılmasına, eləcə də müəllimlər arasında təcrübə mübadiləsinin genişlənməsinə şərait yaradır.
Sonra L.Kərimova MEMİM tərəfindən tərtib olunan "Asəf Zeynallı. Seçilmiş əsərlər" not kitabını məktəbin kitabxanasına hədiyyə edib.
Fortepiano ixtisası üzrə ustad dərsi Əməkdar müəllim, Bakı şəhər Bülbül adına Orta İxtisas Musiqi Məktəbi Fortepiano şöbəsinin müdiri Zərifə Məmmədyarova, tar ixtisası üzrə ustad dərsi isə Azərbaycan Milli Konservatoriyasının dosenti Əməkdar müəllim Əflaruz Məmmədov tərəfindən aparılıb.
Ustad dərslərində hər iki alətin ifaçılıq texnikası, həmçinin repertuar seçimi və səhnə mədəniyyəti ilə bağlı ətraflı məlumat verilib, bəzi diqqət yetirilməli məqamlar praktik şəkildə göstərilib. Şagirdlərin ifaları dinlənilib, onlara peşəkar tövsiyələr verilib.
Ustad dərsləri iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az