Türkiyə Hörmüz boğazı ətrafında artan gərginlik fonunda neft və qaz tədarükünü şaxələndirmək üçün bu marşrutdan yan keçən 5 alternativ istiqamət hazırlayıb.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyinə istinadən məlumat yayıb. Ticarət naziri Ömər Bolat bildirib ki, hökumət böhranlı dövrlərdə enerji tədarükünün davamlılığını təmin etmək üçün alternativ marşrutların açılmasına xüsusi önəm verir.
Məlumata görə, Fars körfəzi regionundan enerji daşımaları üçün bir neçə variant nəzərdən keçirilir. Bunlara İraq və Suriya üzərindən quru yolu ilə daşımalar, Süveyş kanalı - Qırmızı dəniz - İordaniya - Səudiyyə Ərəbistanı marşrutu, həmçinin Oman üzərindən BƏƏ və digər ölkələrə çıxış daxildir.
Alternativlər arasında Ümid Burnu marşrutu da yer alır, lakin bu istiqamət daha uzun olduğuna görə daşınma müddətini 10-15 gün artırır və xərcləri yüksəldir.
Bundan əlavə, Türkiyə Misir və Səudiyyə Ərəbistanı ilə birlikdə Hörmüz üzərindən neft daşımalarının koordinasiyası üçün mümkün konsorsium yaradılması variantını da müzakirə edir.