İlyas Hüseynov rəhbər vəzifəyə təyin EDİLDİ

3 Aprel 2026 11:44

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının əmri ilə İlyas Hüseynov Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifəsinə təyin edilib.

Milli.Az xəbər verir ki, İlyas Hüseynov Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində bakalavr, Bakı Avrasiya Universitetində regionşünaslıq və iqtisadiyyat fakültəsinin regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisası üzrə magistr təhsili alıb və bu ixtisası fərqlənmə diplomu ilə bitirib. O Bakı Slavyan Universitetində beynəlxalq münasibətlər istiqaməti üzrə doktorantura təhsili alıb və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "Beynəlxalq münasibətlər" ixtisası üzrə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Əmək fəaliyyəti dövründə Sabunçu Rayon İcra Hakimiyyətində, Bakı Avrasiya Universitetində və Sosial Tədqiqatlar Mərkəzində müxtəlif vəzifələrdə çalışıb, sonuncu qurumda departament səviyyəsində rəhbər vəzifələr icra edib.

Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olan İlyas Hüseynov Qərbi Kaspi Universiteti və Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib. O, yerli və beynəlxalq jurnallarda dərc olunmuş 50-dən çox elmi məqalə və tezisin müəllifidir və hazırda TDAM-ın rəhbəri kimi fəaliyyətini davam etdirir.

Milli.Az