Alimlər uzun illərdir böyüklərdə funksiyasını böyük ölçüdə itirdiyi düşünülən timus vəzisinin, əslində immun sistemini dəstəkləyərək xərçənglə mübarizədə və ürək sağlığında mühüm rol oynadığını sübut ediblər.
Milli.Az xəbər verir ki, tibb dünyasında uzun illərdir yeniyetməlik dövründən sonra "kütləşmiş və funksiyasız" qəbul edilən timus vəzisi müasir texnologiyanın işığında yenidən qiymətləndirilir. "Mass General Brigham" tədqiqatçıları tərəfindən aparılan və süni intellekt alqoritmləri ilə dəstəklənən iki ayrı araşdırma döş qəfəsinin yuxarı hissəsində yerləşən bu orqanın yetkinlik dövründə də vacib funksiyalara malik olduğunu sübut edib.
Ənənəvi tibb təlimi timus vəzisinin yeniyetməlikdən sonra kiçilərək yağ toxumasına çevrildiyini və immun hüceyrəsi istehsalını dayandırdığını müdafiə edirdi. Lakin tədqiqatçılar minlərlə kompüter tomoqrafiyası (KT) müayinəsini süni intellektlə analiz edərək bu fikri ciddi şəkildə sarsıtdılar.
Professor Huqo Aertsın rəhbərlik etdiyi komanda sübut etdi ki, sağlam və aktiv timus vəzisinə malik böyüklər, bu orqanı erkən dövrdə sıradan çıxan şəxslərə nisbətən nəzərəçarpacaq dərəcədə daha uzun yaşayır və onlarda ürək-damar xəstəliklərinə tutulma riski xeyli aşağıdır.
İmmunoterapiya alan xəstələr araşdırıldıqda, timus vəzisi sağlam və aktiv olanların müalicəyə daha güclü cavab verdiyi ortaya çıxıb. Məlumatlara görə, aktiv timus quruluşuna malik xərçəng xəstələrində:
Xəstəliyin irəliləmə riski %37,
Ölüm riski isə %44 nisbətində azalıb.
Bu nəticə T-hüceyrələrinin istehsal mərkəzi olan timus vəzisinin xərçənglə mübarizədə strateji rol oynadığını göstərir.
Siqaret istifadəsi, piylənmə və xroniki iltihablanma bu orqanın funksiyalarını sürətlə pozur.
Balanslı metabolik sağlıq isə timus aktivliyini dəstəkləyir.
Mütəxəssislər "qocalma saatı" kimi xarakterizə edilən timus vəzisinin qorunmasının bədənin həm infeksiyalara, həm də xərçəng və ürək çatışmazlığı kimi ciddi xəstəliklərə qarşı müqavimətini artıra biləcəyini vurğulayırlar.
Lalə Qüdrətova
Milli.Az