Uzun və sağlam ömür sürmək hər kəsin arzusu olsa da, gündəlik vərdişlərimiz fərqinə varmadan bu yolda ciddi maneələr yaradır. Xüsusilə pandemiya sonrası dəyişən həyat tərzi və oturaq rutinlər erkən ölüm riskini artıran əsas səbəblərdən hesab olunur.
Milli.Az xəbər verir ki, mütəxəssislər müasir insanın həyatına "səssiz qatil" kimi daxil olan əsas faktorları açıqlayıblar.
Siyahının başında hərəkətsiz həyat tərzi və balanssız qidalanma gəlir. Uzun müddət oturaq vəziyyətdə qalmaq təkcə əzələ problemlərinə deyil, həm də maddələr mübadiləsinin pozulmasına səbəb olur. Harvard Universitetinin araşdırmalarına görə, şəkərli və qazlı içkilərin müntəzəm istifadəsi insan ömrünü 4 ildən 10 ilə qədər qısalda bilər. Bu içkilər daxili orqanların piylənməsinə və xroniki iltihablara birbaşa yol açır.
Gündə 6 saatdan az yatmaq orqanizm üçün "saatlı bomba" effektinə malikdir. Warwick Universitetinin araşdırması sübut edir ki, yuxu çatışmazlığı immunitet sistemini iflic edir və ürək-damar xəstəlikləri riskini kəskin artırır. Az yatan insanlarda erkən ölüm riski normal yatanlarla müqayisədə 12% daha yüksəkdir.
Mütəxəssislərin "bəyaz təhlükə" adlandırdığı şəkər və duz da ömrü qısaldan faktorlar sırasındadır. Həddindən artıq duz istehlakı böyrəklərin fəaliyyətini pozur və yüksək təzyiqə (hipertoniya) səbəb olur. Şəkər isə hüceyrələrin qocalmasını sürətləndirərək şəkərli diabet və onkoloji xəstəliklərə zəmin yaradır.
Ömrünüzü uzatmaq üçün bu vərdişlərdən imtina etmək heç vaxt gec deyil. Kiçik dəyişikliklər - daha çox hərəkət, kifayət qədər yuxu və təmiz qidalanma sizə illər qazandıra bilər.
Səkinə Yusifova
Milli.Az