Bir ailədə 6 uşaq dəm qazından zəhərlənib, 2-si reanimasiyadadır - YENİLƏNİB

2 Aprel 2026 16:46

Xəbər verdiyimiz kimi, Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Azyaşlıların vəziyyəti ilə bağlı Sumqayıt Tibb Mərkəzindən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, dünən axşam saat 18 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub və çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub:

Təcili tibbi yardım briqadaları tərəfindən 4 nəfər (2 kişi, 2 qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına təxliyə olunub.

Daha sonra Uşaq Xəstəxanasına daha 2 nəfər (2 kişi cinsli) hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir".

Qeyd edək ki, bu xəbəri ilk Bakupost.az yaymışdır.

Milli.Az
_____________

Saat - 11:50
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində (Nasosnu) 9 uşaq atası olan Cəbrayılov Kamil Balahüseyn oğlunun 6 övladı dəm qazından zəhərlənib.

Milli.Az xəbər verir ki, hadisə dünən saat 05:00 radələrində baş verib.

Kamil Cəbrayılov saytımıza açıqlamasında bildirdi ki, övladlarını qonşular xilas edib:

"Kuryer işləyirəm. Qonşu mənə zəng etdi ki, uşaqların vəziyyəti ağırdır.

Böyük uşaqlar balacaları çimizdirərkən hamamın qapısı bağlı qalıb və içəri girmək mümkün olmayıb. Köməyə gələn qonşular qapını sındıraraq onları çıxarıblar".

Uşaqlar təcili tibbi yardım vasitəsilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb.

Hazırda 2 uşaq reanimasiya şöbəsindədir, digər 4-nün vəziyyətinin isə nisbətən stabil olduğu bildirilir.

Milli.Az