ABŞ və Qərb kəşfiyyatının son məlumatlarına görə, İsraillə birgə İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar nəticəsində ölkə daxilində vəziyyət kritik həddə çatıb.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, İrana endirilən zərbələr birbaşa hakimiyyət dəyişikliyinə səbəb olmasa da, mövcud dini idarəetmə sistemini daxildən sarsıdıb.
Məşhur "The New York Times" qəzetində dərc olunan təhlildə "İranın daxili bütövlüyünü itirməsi" mövzusuna geniş yer ayrılıb. Qeyd olunur ki, Tehran hərbi baxımdan müəyyən fəaliyyətlərini davam etdirsə də, hazırkı şəraitdə strateji siyasi qərarlar vermək iqtidarında deyil. Bu isə rəsmi Tehranın beynəlxalq arenada manevr imkanlarını xeyli məhdudlaşdırır.
Qərb mediası müharibə fonunda İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxilində radikal qruplaşmaların yaranmasını və onların nüfuzunun sürətlə artmasını xüsusi vurğulayır. Ölkənin yeni dini lideri Müctəba Xameneinin hökumət üzərindəki nəzarət gücü isə qeyri-müəyyən olaraq qalır. Bəzi analitiklər Müctəba Xameneinin sadəcə "simvolik lider" olduğunu, real gücün isə birbaşa SEPAH-ın əlində toplandığını iddia edirlər.
Bütün bu daxili gərginliklərə və xarici təzyiqlərə baxmayaraq, ekspertlər yaxın perspektivdə İranda köklü hakimiyyət dəyişikliyinin baş verəcəyini proqnozlaşdırmırlar. Burada əsas faktor Tehranın hələ də öz daxili resursları hesabına sistemi bərpa etmək gücündə olmasıdır. Lakin idarəetmə modelinin aldığı zərbələr gələcəkdə daha böyük siyasi böhranların carçısı ola bilər.
Səkinə Yusifova
Milli.Az