Mandalin həm daxili, həm də qabıqları ilə sağlamlıq üçün çox faydalı bir meyvədir. Qabıqlarından hazırlanan xoş ətirli çay, tərkibindəki yüksək C vitamini sayəsində bədəni xəstəliklərə qarşı qoruyur, həzm sistemini tənzimləyir və stressi azaldır.
Milli.az mandalin qabığı çayının faydalarını təqdim edir:
Həzm sistemini dəstəkləyir: Xüsusilə yeməkdən sonra içildikdə mədəni rahatladır, şişkinlik və həzm problemini aradan qaldırmağa kömək edir.
Soyuqdəyməyə qarşı effektivdir: Qış aylarında tez-tez rast gəlinən öskürək və yuxarı tənəffüs yolları xəstəliklərinin əlamətlərini yüngülləşdirir.
İmmuniteti gücləndirir: Yüksək C vitamini və antioksidant tərkibi ilə bədənin müqavimətini artırır.
Stress və narahatlığı (təşvişi) azaldır: Mandalin qabığındakı təbii efir yağları və xoş ətir sinir sistemini sakitləşdirir, zehni dincəldir.
Ödəmi atır: Təbii sidikqovucu xüsusiyyəti sayəsində bədəndəki artıq mayenin və ödəmin xaric edilməsinə dəstək olur.
Dəri üçün faydalıdır: Tərkibindəki antioksidantlar dərinin daha canlı görünməsinə kömək edir. Çayı içmək dərini daxildən bəslədiyi kimi, soyumuş çay ilə dərini silmək də təravət bəxş edir.
Mandalin qabığı çayı necə hazırlanır?
Bu çayı həm təzə, həm də qurudulmuş qabıqlardan hazırlamaq olar.
İnqrediyentlər:
1 ədəd orta boy mandalinin qabığı
1 stəkan su
İstəyə görə: Bal, limon və ya darçın
Hazırlanması:
Mandalini yaxşıca yuyun və qabıqlarını soyub xırda parçalara bölün.
Bir qabda suyu qaynadın.
Qaynamış suyu qabıqların üzərinə əlavə edin və 5-10 dəqiqə dəmlənməsini gözləyin.
Çayı süzərək fincana boşaldın.
Dadlandırmaq üçün bal və ya darçın əlavə edə bilərsiniz.
Mandalin qabığı çayı birbaşa arıqlatmasa da, tərkibindəki liflər sayəsində toxluq hissi yaradır və maddələr mübadiləsini sürətləndirir. Pəhriz və idmanla birlikdə istehlak edildikdə çəki itirmə prosesinə müsbət təsir göstərir.
Hər bir bitki çayında olduğu kimi, mandalin qabığı çayının da həddindən artıq istehlakı bəzi problemlərə yol aça bilər:
Mədə həssaslığı olanlar: Reflüks və ya qastrit problemi olanlarda mədə turşuluğunu artıra bilər.
Allergiya: Sitrus meyvələrinə qarşı allergiyası olanlarda qaşıntı və ya səpki yarada bilər.
Dərman qəbul edənlər: Şəkər, təzyiq və ya digər xroniki xəstəliklər üçün mütəmadi dərman qəbul edən şəxslər həkimlə məsləhətləşməlidir.
Lalə Qüdrətova
Milli.Az