Yaponiyada cütlüklər arasında ayrı çarpayılarda və ya otaqlarda yatmaq vərdişi sürətlə yayılır. Böyük şəhərlərdə daha tez-tez rast gəlinən bu yeni həyat tərzi ənənəvi "birlikdə yatmaq" anlayışına alternativ bir münasibət modeli təqdim edir.
Milli.Az xəbər verir ki, Yaponiyada evli cütlüklər arasında diqqətçəkən yeni bir həyat tərzi getdikcə genişlənir. Ənənəvi olaraq romantik birliyin göstəricisi sayılan "eyni çarpayıda yatmaq" vərdişi yerini daha fərdi bir düzənə buraxır. Xüsusilə böyük şəhərlərdə yaşayan cütlüklər gecəni ayrı çarpayılarda, hətta ayrı otaqlarda keçirməyə üstünlük verirlər.
Araşdırmalar bu yanaşmanın sanıldığından çox daha geniş yayıldığını ortaya çıxarıb. Keçirilən sorğulara əsasən, evli cütlüklərin təxminən 26%-dən 40%-ə qədəri bu üsulu mənimsəyib. Yaponiyada "yuxu ittifaqı" adlandırılan bu sistem Qərb mədəniyyətindəki birlikdə yatmaq anlayışına alternativ bir model təklif edir.
Mütəxəssislərin fikrincə, bu seçim yalnız fiziki istirahətlə məhdudlaşmır. Ayrı yatan cütlüklərin daha keyfiyyətli yuxu aldığı, bunun da gündəlik stresin azalmasına töhfə verdiyi bildirilir. Daha yaxşı istirahət edən fərdlərin ünsiyyətdə daha sağlam olduğu, problem həll etmə bacarıqlarının artdığı və bu vəziyyətin münasibətlərdəki münaqişələri azaltdığı ifadə edilir.
Yaponiyada bu trendin digər gizli səbəbləri:
İş saatlarının fərqliliyi: Yaponiyada iş həyatı çox gərgindir. Cütlüklərdən biri işdən gec gəldikdə və ya səhər çox erkən oyandıqda, digər tərəfin yuxusunu pozmamaq üçün ayrı yatmağa üstünlük verir.
Uşaqla birlikdə yatmaq ənənəsi: Yaponiyada analar çox vaxt körpələri ilə birlikdə yatırlar (co-sleeping). Bu vəziyyətdə ata, yataqda yer dar olduğu üçün və ya körpəni oyatmamaq üçün digər otağa keçir.
Yuxu gigiyenası: Xoruldama, yuxuda çox hərəkət etmək və ya yorğan çəkişməsi kimi problemlər yuxu keyfiyyətini aşağı saldığı üçün yaponlar sağlamlıq naminə ayrı yatmağı daha məntiqli hesab edirlər.
Lalə Qüdrətova
Milli.Az