Bu ölkədə nağd pulla bağlı xəbərdarlıq: Artıq məcburi olacaq

1 Aprel 2026 22:06

Niderland hökuməti "yalnız kartla ödəniş" tətbiqini məhdudlaşdıraraq, 2027-ci ildən etibarən müəssisələrə nağd ödəniş qəbul etmə öhdəliyi gətirməyə hazırlaşır. Yeni qayda ilə aptek, xəstəxana və ictimai yerlərdə nağd pulun əlçatanlığının qorunması və rəqəmsal ödəniş imkanları məhdud olan qrupların çətinlik yaşamamasının qarşısını almaq hədəflənir.

Milli.Az xəbər verir ki, tamamilə rəqəmsal ödənişə keçən apteklər, xəstəxanalar və ictimai üzgüçülük hovuzları kimi sahələr, yeni qərardan sonra istehlakçılara yenidən nağd ödəniş seçimi təqdim etmək məcburiyyətində qalacaqlar. Bu tənzimləmə xüsusilə rəqəmsal sistemlərdən istifadə etməkdə çətinlik çəkən yaşlı istehlakçıların hüquqlarını qorumağı və maliyyə sistemində tarazlığı təmin etməyi məqsəd qoyur.

Təhlükəsizlik səbəbilə gecə saatlarında xidmət göstərən mağazalar bu öhdəlikdən kənarda qalacaq. Bundan əlavə, 3 min avrodan yuxarı nağd ödəniş qadağası qüvvədə olduğu üçün avtomobil satışı və təmiri kimi yüksək məbləğli əməliyyatlar əsasən rəqəmsal olaraq qalmağa davam edəcək; lakin bu müəssisələr ödəniş üsullarını müştərilərə aydın şəkildə bildirməli olacaqlar.

Cəmiyyətin yarısı demək olar ki, heç nağd pul işlətmir
Niderland Mərkəzi Bankının məlumatlarına görə, əhalinin 92%-i nağd pulu vacib hesab etsə də, gündəlik istifadədə bu rəqəm aşağı düşür.

İştirakçıların 61%-i demək olar ki, heç vaxt nağd pul istifadə etmədiyini bildirib.

Lakin texniki nasazlıqlar və fövqəladə hallar ssenariləri səbəbindən nağd pulun əlçatanlığının qorunmalı olduğu fikri üstünlük təşkil edib.

İstehlakçılar Birliyi də nağd pulun qanuni bir ödəniş vasitəsi kimi qalmalı olduğunu vurğulayıb.

Rəqəmsal ödənişlər nə qədər rahat olsa da, tamamilə nağdsız cəmiyyət bəzi risklər daşıyır:

İnklüzivlik: Bank kartı olmayan və ya texnologiyadan istifadə edə bilməyən şəxslərin kənarda qalmaması.

Dayanıqlılıq: Kiberhücumlar və ya elektrik kəsilməsi zamanı iqtisadiyyatın tam dayanmasının qarşısını almaq.

Məxfilik: Bəzi istehlakçıların hər əməliyyatının izlənməsini istəməməsi və anonim qalmaq hüququ.

Lalə Qüdrətova
Milli.Az