Səhərlər isti su içmək həqiqətən sağlamlığa faydalıdırmı?

1 Aprel 2026 21:26

Ənənəvi Çin təbabəti və Hindistanın Ayurveda mənbələrində isti və ya ilıq su içməyin sağlamlığa faydalı olduğu min illərdir müdafiə edilir.

Milli.Az xəbər verir ki, Çin təbabətinin əsas inanclarından biri enerjinin bədəndə dövr etməsi prinsipinə əsaslanır. "Çi" adlandırılan bu enerji axını əngəlləndikdə və ya balans pozulduqda xəstəliklərin yarandığına inanılır. Bu nəzəriyyəyə görə, isti su içmək "Çi"ni gücləndirir.

Professor Şun Au bədəni bir ev kimi düşünməyi təklif edir: "Soyuq yemək yemək evdə yelçəkən olması ilə eynidir". Bu səbəbdən evdə isti tərlik geyinmək və günə isti səhər yeməyi ilə başlamaq Çin təbabətinin təməlidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi Dr. Şyama Kuruvilla bildirir ki, bu maraq böyüyən bir ictimai tendensiyanı əks etdirir.

Almaniyada əhalinin 70%-dən çoxu ənənəvi və tamamlayıcı tibb üsullarından istifadə edir.

Çin və Hindistanda bu göstərici 90%-dən yuxarı ola bilər.

Bu tendensiyanın səbəbləri arasında müasir tibbə inamsızlıq (xüsusilə Pandemiyadan sonra), müasir tibbi xidmətlərin bahalı olması və insanların daha fərdi, "bütöv" (həm ruh, həm bədən) yanaşma axtarması yer alır.

Ailə həkimi Dr. Rosi Bruks və Dr. Selina Qrey isti suyun təsirləri barədə elmi faktları belə izah edirlər:

İlıq suyun həzmə və qəbizliyə kömək etməsi barədə az da olsa faydası var.

İsti su qida borusundakı spazmları sakitləşdirə bilər.

Sosial mediadakı iddiaların əksinə, isti suyun yağ yandırdığına, maddələr mübadiləsini sürətləndirdiyinə və ya bədəni "detoks" etdiyinə dair heç bir elmi sübut yoxdur.

Suyun isti və ya soyuq olmasından asılı olmayaraq, əsas faydası bədənin susuz qalmasının qarşısını almasıdır

İsti su içməyin birbaşa bioloji faydaları az olsa da, psixoloji təsiri böyükdür. Dr. Bruks qeyd edir ki, bu vərdiş insana gərgin iş günündə özünə vaxt ayırmaq imkanı verir.

Əgər isti su içmək sizi daha çox su qəbul etməyə təşviq edirsə və sizi sakitləşdirirsə, bu gözəl bir vərdişdir. Lakin unutmayın ki, bu, sağlamlıq üçün "sehrli bir qısayol" deyil. ÜST mütəxəssisləri xəbərdarlıq edir: Suyun həddindən artıq isti olmamasına və bədəninizi yandırmamasına diqqət yetirin.

Lalə Qüdrətova
Milli.Az