Yaxın Şərqdə baş verən münaqişə qlobal enerji bazarında qiymətlərin yüksəlməsinə səbəb olub və bu artımın təsirləri ölkələr üzrə fərqli şəkildə özünü göstərir. Azərbaycan nefti artıq bir barel üçün 132 dollara satılır.
Bəs, neft qiymətlərinin bu qədər yüksək olması Azərbaycana necə təsir edir?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert İlham Şaban Trend-ə açıqlamasında bildirib ki, qiymət artımı fonunda büdcəyə transfert və ödənişlərin artacağı şübhəsizdir.
İ. Şaban qeyd edib ki, Azərbaycanda neft hasilatının azalması prosesi davam edir: "Mövcud şəraitdə qiymət artımının bu azalmanı müəyyən qədər kompensasiya etməsi belə, Azərbaycan üçün müsbət amil - müəyyən mənada dividend kimi qiymətləndirilə bilər".
Onun sözlərinə görə, əsas benefisiarlar nəqliyyat və logistika şirkətləri, həmçinin sığorta və kredit təşkilatlarıdır. İqtisadçı neft qiymətlərində artımın hasilatçı şirkətlərin gəlirlərinə təsirinin şişirdilməməsini tövsiyə edib: "Birmənalı şəkildə demək olmaz ki, neft qiymətlərinin artımı dövlət büdcəsinə neft sektorundan daxil olan vergilərin eyni nisbətdə, məsələn ikiqat artmasına səbəb olacaq. Daha dəqiq desək, qiymət artımı fonunda büdcəyə transfert və ödənişlərin artacağı şübhəsizdir, lakin bu artımın konkret həcmini yalnız birinci rüb üzrə statistik göstəricilər açıqlanandan sonra müəyyən etmək mümkün olacaq. Çünki şirkətlərin nefti daha yüksək qiymətə satması o demək deyil ki, onların büdcəyə ödədiyi vergilər də eyni proporsiyada artacaq".
İ. Şaban bildirib ki, digər tərəfdən, birinci rübdə şirkətlərin xərclərinin səviyyəsi də hələ məlum deyil və bu amil mənfəət vergisi üzrə ödənişlərin həcminə birbaşa təsir göstərir.
Qeyd edək ki, hazırda dünyada Yaxın Şərqdəki gərginlik qlobal miqyasda neft-qaz qiymətlərində nəzərəçarpacaq artıma gətirib çıxarıb.
Hazırda Azərbaycan neftinin qiyməti 132 dolları keçib. Belə ki, İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,3 ABŞ dolları və ya 3,36 faiz artaraq bir barel üçün 132,35 ABŞ dolları təşkil edib.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
Milli.Az