Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Paşinyanın səyləri sayəsində Ermənistanla Azərbaycan arasında münasibətləri sabitləşdirmək mümkün olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
O, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında ABŞ Prezidenti Donald Trampın fəal iştirakını da xatırladıb.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini paraflayıblar.
Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə birgə müraciət ünvanlayıblar.
Milli.Az