Ramazandan sonra zərgərlik bazarında vəziyyət NECƏDİR?

1 Aprel 2026 17:03

Ramazan dövründə bazarda, adətən, alıcı davranışında ehtiyatlılıq müşahidə olunur: toy-mərasim xərcləri nisbətən təxirə salınır, alışlar daha çox zəruri ehtiyac səviyyəsində qalır.

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.

O bildirib ki, Ramazandan sonra isə bazar tədricən aktivləşir, xüsusən də yaz-yay mövsümündə mərasimlərin artması fonunda zərgərlik məmulatlarına maraq yüksəlir.

"Bununla yanaşı, qiymətlərin yüksək səviyyədə qalması alıcıların seçimlərini dəyişir: daha yüngül çəkili məmulatlara, alternativ dizaynlara və daha əlçatan əyarlara üstünlük verilir. İndiki Ramazandan sonra da eyni tendensiya müşahidə olunur. Hazırda qiymətlərin formalaşmasına əsas təsir edən amillər beynəlxalq bazarlardakı qızıl qiymətləri və geosiyasi risklərdir. Regional gərginlik fonunda qızıl "təhlükəsiz aktiv" kimi daha çox diqqət çəkdiyi üçün qiymətlər yüksək diapazonda qalır. Hazırda qızıl fyuçerslərinin qiyməti 4 720 ABŞ dolları səviyyəsində göstərilir. Müəyyən enişdən və korreksiyalardan sonra son günlərdə qiymətli metallarda yenidən qiymət artımı müşahidə olunur. Daxili bazarda qiymət dinamikasını gündəlik olaraq beynəlxalq kotirovkalar və valyuta məzənnəsi müəyyən edir. Mövcud göstəricilərə görə, Azərbaycanda zərgərlik məmulatlarında 999,9 əyarlı qızılın 1 qramı təxminən 300-330 manat, 750 əyarlı qızılın 1 qramı 240-260 manat, 585 əyarlı qızılın 1 qramı isə 185-195 manat səviyyəsində qeyd olunur".

R.Əmircanov qeyd edib ki, yaxın dövr üzrə proqnoza gəlincə, son iki ildə qiymətli metallarda müşahidə olunan yüksəliş trendini nəzərə alsaq, gərginlik və qeyri-müəyyənlik davam etdiyi müddətdə qiymətlərdə ucuzlaşma gözlənilmir.

"Buna görə də bazarda iki paralel meyl formalaşır: bir tərəfdən, qızılı yığım məqsədilə alanların aktivliyi artır; digər tərəfdən, zinət əşyası alanlar daha rasional seçim edir, yəni çəkidən çox dizayn və büdcəyə uyğunluq ön plana keçir. Nəticə etibarilə, Ramazan ayı qızıl bazarında satış həcminin azalması ilə müşayiət olunur. Ramazan ayında qızıl bazarı adətən satış həcminin azalması ilə seçilir, halbuki qiymətlərin səviyyəsi daha çox qlobal qızıl bazarındakı dəyişikliklərlə müəyyən edilir", - deyə o qeyd edib.

Ayxan
Milli.Az