"EP-300" kompleksindəki iridiametrli boru xətti vaxtından əvvəl çəkilib
14 Avqust 2012 13:06
"Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda aparılan əsaslı təmir işləri qrafikə uyğun olaraq davam etdirilir. Trend-in ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu günlərdə zavodun "EP-300" kompleksinin piroliz şöbəsindən istehsalat-məişət sularını nəql edən iri diametrli boru xətti demontaj olunaraq yenisi ilə əvəz olunub.
Ümumi uzunluğu 1250 metrdən artıq olan həmin boru xəttinin çəkilişi Birliyin Təmir-tikinti İdarəsinin 1 saylı mexaniki-quraşdırma sahəsinin iki montaj briqadası tərəfindən həyata keçirilib. İşlərin operativ, dəqiq və keyfiyyətlə yerinə yetirilməsinin nəticəsidir ki, təmir avqustun 10-da, yəni qrafik üzrə nəzərdə tutulan vaxtdan 2 gün əvvəl yerinə yetirilib.
Qeyd edək ki, uzun illər istismar olunduğundan, həmin boru xəttində müəyyən tutulmalar baş verir, istehsalat tullantılarının nəqlində maneələr yaranırdı. Xəttin yenisi ilə əvəz olunması Etilen-polietilen zavodunun istehsalat sahələrinin dövri sularla müntəzəm və tam həcmdə təmin olunmasında mühüm rol oynayacaq.
Milli.Az