Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs (kişi) aprelin 1-də saat 15:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Milli.Az xəbər verir ki, bu barədə Apa-nın sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, sağ ayaq aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağır qiymətləndirilir.
Milli.Az
_______________
Saat - 14:59
Ağdərə rayonunda mina hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərindən Milli.Az-a verilən məlumata görə, işğaldan azad edilmiş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında aprelin 1-də mina hadisəsi baş verib.
1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır", məlumatda deyilir.
Milli.Az
______________
Saat - 14:52
Ağdərədə mina hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Suqovuşan qəsəbəsi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində rayon sakini Mahir Abdulla oğlu Məhərrəmov xəsarət alıb.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az