İran prezidenti Məsud Pezeşkian ölkəsinin müəyyən şərtlər daxilində regiondakı gərginliyi və müharibəni dayandırmağa hazır olduğunu bəyan edib.
Milli.Az xəbər verir ki, bu barədə o, Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta ilə telefon danışığı zamanı bildirib.
İran mediasının yaydığı məlumata görə, Pezeşkian danışıq zamanı "Biz lazımi şərtlərə əməl olunmaqla, xüsusilə də təcavüzün təkrarlanmayacağına dair zəmanət verilməklə bu müharibəni bitirmək iradəsinə sahibik" deyə vurğulayıb.
O, Yaxın Şərqdəki mövcud münaqişənin ABŞ və İsrailin "düşmənçilik və təcavüzkar hərəkətlərinin" nəticəsi olduğunu qeyd edib.
Prezident Pezeşkian Avropa İttifaqını qərəzli yanaşmada ittiham edərək bildirib ki, ABŞ-İsrail hücumları Avropanın müdafiə etdiyini iddia etdiyi qanunun aliliyi prinsiplərinin kobud şəkildə pozulmasıdır.
O, regiondakı vəziyyətə hər hansı xarici müdaxilənin təhlükəli nəticələrə yol açacağı barədə xəbərdarlıq edib və Avropa ölkələrini İrana qarşı siyasətlərinə "düzəliş" etməyə çağırıb.
Diplomatik proseslərə də toxunan İran lideri, rəsmi Tehranın ABŞ ilə danışıqlara "xoş niyyətlə" daxil olduğunu, lakin proses zamanı yenidən hücuma məruz qaldıqlarını bildirib. Onun fikrincə, bu hadisə Vaşinqtonun real diplomatiyaya sadiq olmadığını sübut edir.
Öz növbəsində, Antoniu Koşta Avropa ölkələrinin ABŞ və İsrailin İrana hücumlarını dəstəkləmədiyini diqqətə çatdırıb. O, "X" platformasında etdiyi paylaşımda tərəfləri gərginliyi azaltmağa və təmkinli olmağa çağıraraq qeyd edib ki, İranın yaratdığı geniş təhlükəsizlik problemləri nəzərə alınmaqla, diplomatiya üçün mütləq imkan yaradılmalıdır.
Milli.Az