İzmirin mərkəzindən təxminən 70 kilometr məsafədə yerləşən Foça adını ətrafındakı adalarda yaşayan suitilərdən (foklardan) alır. Təməlləri e.ə. XI əsrdə Aiollar tərəfindən qoyulan bu rayon, tarixin ən usta dənizçilərinə ev sahibliyi edib. O dövrün 50 avarçılı və 500 sərnişin tutumlu nəhəng gəmiləri ilə fokaialılar dənizlərə hakim olublar.
Milli.Az xəbər verir ki, köhnə Foçaya getməzdən əvvəl adını ən çox eşidəcəyiniz yerlərin başında Siren Qayalıqları gəlir. Orak adasının şimal-qərbində yerləşən bu vulkanik qayalıqlar görünüşü ilə Kapadokyanın pəri bacalarını xatırladır.
Siren Qayalıqları min illər əvvəl yunan mifologiyasına və Homerin "Odisseya" dastanına mövzu olub. Mifologiyada Sirenler belə təsvir edilir:
Görünüşləri: Qadın başlı, quş bədənli varlıqlar.
Gücləri: Onlar möcüzəvi, ovsunlayıcı səslərə malik idilər.
Əfsanəyə görə, bu qayalıqlarda yaşayan Sirenler oxuduqları fövqəltəbii mahnılarla dənizçiləri sehrləyir, onların yolunu azmasına və gəmilərin qayalara çırpılaraq batmasına səbəb olurdular. Buradan keçən dənizçilər mahnının təsirindən özlərini itirərək gəmilərini şüursuz şəkildə qayalıqlara doğru sürür, parçalanan gəmilərin dənizçiləri isə Sirenlerə yem olurdular.
Mədəniyyət və Turizm Nazirliyinin saytında yer alan məlumatlara görə, bu qədim rəvayət Foçanı xüsusilə xarici turistlər üçün cəlbedici edir. Bu gün gəmiləri batıran bir sehr olmasa da, Siren Qayalıqlarının vəhşi təbiəti və suitilərin dincəldiyi mağaralar Foçanın ən çox ziyarət edilən nöqtələridir.
"Odisseya" dastanında qəhrəman Odissey bu qayalıqlardan keçərkən Sirenlerin mahnısını eşidib sağ qalmaq üçün özünü gəminin dirəyinə bağlatdırmış, dənizçilərin qulaqlarını isə mumla qapatmışdı ki, gəmini idarə edə bilsinlər.
Lalə Qüdrətova
Milli.Az