Avtobusla rayonlara səfər edənlər sığorta olunacaq - AÇIQLAMA

31 Mart 2026 16:23

Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi barədə" 3 mart 2026-cı il tarixli qanunun tətbiq barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti qanunun 15.5-ci maddəsinə uyğun olaraq, qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərin müəyyənləşdirilməsi məqsədilə 3 ay müddətində "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də müvafiq dəyişiklik edib ölkə Prezidentinə məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Yenilənmiş qanuna əsasən, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almaq istəyənlər aşağıdakı sənədləri də təqdim etməli olacaqlar:

- sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;

- avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;

- ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;

-qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:

- avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;

- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası;

- bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulan halların təsdiqedici sənədləri.

Hüquqşünas Ərşad Hüseynov Milli.Az-a açıqlamasında dəyişiklləri şərh edərkən bildirib ki, nəqliyyat sahəsindəki son dəyişikliklərin taksi fəaliyyətinə aidiyyəti yoxdur.

Onun sözlərinə görə, edilən dəyişikliklər taksi sürücülərinə və ya taksi fəaliyyətinə heç bir şəkildə aid deyil:

"Bugünkü dəyişikliklərin taksilərə heç bir aidiyyatı yoxdur. Təəssüf ki, ölkədə nəqliyyatla bağlı hər yenilik avtomatik olaraq taksi sahəsi ilə əlaqələndirilir. Amma bu dəfə belə deyil".

Ekspert qeyd edib ki, dəyişikliklər "Avtomobil nəqliyyatı haqqında" qanuna edilib. Qanuna edilən yeniliklər ölkədaxili avtomobil nəqliyyatı, xüsusilə də sifarişli daşımalar sahəsini əhatə edir. 

"Ölkədaxili sifarişli daşımalar dedikdə qeyri-müntəzəm sərnişindaşıma, məsələn, avtobusla təşkil olunan çarter səfərlər nəzərdə tutulur. Tutaq ki, bir məktəb kollektivi toplanıb bölgəyə səfər edir. Bundan başqa, ölkədaxili yükdaşımalar da bu dəyişikliklərə daxildir".

Ə.Hüseynov nəzərə çatdırıb ki, əsas yenilik icazə üçün təqdim olunan sənədlərin dairəsinin genişləndirilməsi və tələblərin bir qədər sərtləşdirilməsidir:

"Yeni qaydalara əsasən, sifarişli daşımalar həyata keçirən avtobus və yük avtomobili sürücüləri xüsusi hazırlıq keçməlidirlər. Bu hazırlıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təşkil olunur və sürücülər müvafiq sənəd əldə etməlidir. İcazə almaq üçün bütün sənədlər AYNA-nın portalına təqdim olunmalıdır".

Ekspert əlavə edib ki, avtobuslarla sərnişindaşıma zamanı fərdi qəza sığortası tələbi yeni deyil, sadəcə artıq bu sənəd də icazə üçün təqdim edilməlidir:

"Sərnişinlərin fərdi qəza sığortası əvvəldən də məcburi idi. Sadəcə indi bu sənədin AYNA-ya təqdim olunması tələb edilir".

Bundan başqa ekspert qeyd edib ki, sürücülərdən sağlamlıq arayışı da tələb olunacaq. Bu arayış sürücünün narkotik və psixotrop maddələrdən asılılığının olmadığını təsdiqləməlidir.

Ekspert vurğulayıb ki, digər sənədlər, yəni sahibkarın VÖEN-i, nəqliyyat vasitəsinə və sürücüyə dair məlumatlar əvvəlki kimi qüvvədə qalır:

"Yəni ümumilikdə yeni, radikal dəyişiklik yoxdur. Sadəcə mövcud tələblər daha da dəqiqləşdirilib və nəzarət gücləndirilib".

Mina Mikayılova
Milli.Az