İspaniyada aparılan tarixi bir maqnit rezonans (MR) araşdırması, aramızda normal insanlar kimi dolaşan, lakin əsla peşmanlıq və empati duymayan o "gizli" psixopatların beynindəki qandonduran fiziki çatışmazlığı nəhayət sübut etdi.
Milli.Az xəbər verir ki, psixopatiya - peşmanlıq duymamaq, başqalarını manipulyasiya etmək və empati çatışmazlığı ilə xarakterizə olunur. Neyropsixoloq Anxel Romero-Martines liderliyindəki ispan qrupu, 125 kişi iştirakçı üzərində apardığı araşdırmada MR texnologiyasından istifadə edərək bu vəziyyətin neyroloji sirlərini üzə çıxarıb.
Tədqiqat nəticəsində psixopatik xüsusiyyətlərə malik şəxslərin beyninin aşağıdakı bölgələrində ciddi fiziki dəyişiklik - korteks incəlməsi aşkar edilib:
Frontal (ön) zona: Qərar vermə və sosial davranışların idarəsi.
Temporal (yan) zona: Emosional yaddaş və dilin işlənməsi.
Parietal (üst-arxa) zona: Duyğusal məlumatların birləşdirilməsi.
Beynin ən xarici təbəqəsi olan və "boz maddə" kimi tanınan serebral korteks duyğusal məlumatların işlənməsi, motor idarəetmə və yüksək idrak funksiyalarına cavabdehdir. Araşdırmaya görə, bu təbəqə nə qədər incədirsə, fərdin antisosyal davranış nümayiş etdirmə və manipulyasiyaya əl atma meyli bir o qədər yüksək olur.
Çalışmanın ən diqqətçəkən tərəfi odur ki, bu beyin quruluşu təkcə cinayət törədənlərdə deyil, ümumi əhali arasında da antisosyal meyillərlə birbaşa bağlıdır. Tədqiqatçılar ailə daxili şiddət göstərənlərlə normal qrupu müqayisə etdikdə gördülər ki, korteks incəlməsi şiddət hərəkətindən asılı olmayaraq "emosional laqeydlik" və "dürtüsəllik" (ani və riskli qərarlar) ilə paralel irəliləyir.
Psixopatiyanın əsas əlamətləri:
Başqalarına qarşı dərin şəfqət və empati çatışmazlığı.
Sosyal normaların və qanunların sistemli şəkildə pozulması.
Peşmanlıq hiss etmədən başqalarına zərər vermə meyli.
Dürtüsəllik (düşünmədən riskli addımlar atmaq).
Elm adamları bu tapıntıların "Psixopat doğulur, yoxsa sonradan olunur?" mübahisəsinə elmi zəmin qazandırdığını düşünürlər. Uşaqlıq dövrü travmaları kimi ətraf mühit amilləri hələ də önəmli olsa da, bioloji məlumatlar artıq inkarolunmaz həddə çatıb.
Araşdırma qrupu qeyd edir ki, gələcəkdə beyin görüntüləmə analizləri ilə psixoloji testlərin birləşdirilməsi məhkəmə ekspertləri və psixoloqlar üçün daha dəqiq və elmi "cinayətkar profilləri" yaratmağa imkan verəcək.
Lalə Qüdrətova
Milli.Az