Əgər bəşəriyyət qəfil yox olsa, Yer ekosistemləri boş qalmayacaq. Onların balansı sürətlə dəyişəcək və bəzi növlər sürətlə yayılmaq imkanı əldə edəcək. Lakin məsələ təkcə sağ qalmaqda deyil, həm də kiminsə dominant mövqe tuta bilib-bilməyəcəyindədir.
Milli.Az xəbər verir ki, bu barədə "Daily Galaxy" nəşri məlumat yayıb.
Minilliklər ərzində insanlar ətraf mühitə ciddi təsir göstərərək təbii zəncirləri dəyişdirib və bir çox növlərin məhv olmasına səbəb olublar. Məsələn, təxminən 47 min il əvvəl Avstraliyanın məskunlaşdırılması diprotodon kimi iri kisəli heyvanların yoxa çıxması ilə üst-üstə düşüb.
"Bu qədim təsir böyük ekoloji boşluq yaradıb. Onu doldurmaq yalnız davamlılıqla mümkün deyil. Bunun üçün zəka, koordinasiya və ətraf mühiti dayanıqlı şəkildə dəyişmək bacarığı tələb olunur", - deyə məqalədə qeyd olunur.
Dominantlıq üçün ehtimal olunan "namizədlər" arasında xüsusən primatlar - şimpanzelər və qorillalar göstərilir. Onlar inkişaf etmiş idrak qabiliyyətlərinə malikdir və sadə alətlərdən istifadə edə bilirlər.
Lakin Oksford Universitetinin professoru Tim Kolsonun sözlərinə görə, onların mürəkkəb sosial strukturlardan asılılığı və məhdud ünsiyyət imkanları kəskin dəyişmiş mühitə uyğunlaşmanı çətinləşdirə bilər.
Ağıllı dəniz məməliləri - delfinlər və balinalar da müəyyən məhdudiyyətlərlə üzləşir: anatomiya xüsusiyyətlərinə görə onlar əşyalarla aktiv qarşılıqlı əlaqə qura və ya alətlər yarada bilmirlər.
Bununla belə, bəzi növlər insanın yoxluğundan sürətlə faydalana bilər. Məsələn, qəhvəyi siçovullar artıq demək olar ki, bütün dünyada yayılıb və sürətlə çoxalmaq qabiliyyətinə malikdir. Lakin tədqiqatçı Ceyms Feyrin sözlərinə görə, onlarda abstrakt düşüncə və inkişaf etmiş ünsiyyət çatışmır, həmçinin onlar hələ də yırtıcılar üçün asan ov olaraq qalırlar. Eyni vəziyyət vəhşi pişiklər və itlər üçün də keçərlidir: onların populyasiyası artsa da, zamanla daha güclü yırtıcılarla rəqabətə girəcəklər.
Alimlərin ən gözlənilməz namizədlər kimi göstərdiyi qrup isə quşlardır, xüsusilə qarğakimilər ailəsinə aid növlər. "BBC Future" məlumatlarına əsasən, qarğalar və quzğunlar mürəkkəb problemləri həll edə və alətlərdən istifadə edə bilirlər. Məsələn, Yaponiyada qarğaların qozları maşınların altına ataraq sındırdıqları müşahidə olunub.
Bəzi növlər, məsələn, Yeni Kaledoniya qarğaları alət hazırlamaq qabiliyyətinə malikdir ki, bu da səbəb-nəticə əlaqələrini anlamaq bacarığını göstərir. Bundan əlavə, İren Pepperberqin tədqiqatları göstərib ki, Afrika boz tutuquşuları dil elementlərindən şüurlu şəkildə istifadə edə bilirlər.
Eyni zamanda, təkamül bioloqu Patrisiya Brennan qeyd edir ki, iqlim dəyişiklikləri də növlərin gələcəkdə yayılmasına təsir edəcək və heyvanları yeni temperatur şəraitinə uyğunlaşmağa məcbur edəcək.
"Mövcud heç bir növ əslində insanları tam əvəz etmək üçün lazım olan bütün xüsusiyyətlərə malik deyil. Əgər biz yox olsaq, ekosistemlər yenidən təşkil olunacaq, lakin yeni dominant növün yaranacağına zəmanət yoxdur", - deyə məqalədə vurğulanır. (Lent.az)
Milli.Az