Nepalda keçmiş repçi Baş nazir oldu

27 Mart 2026 20:44

Keçmiş repçi Balendra Şah Nepalın Baş naziri olub. 

Milli.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə yerli "Online Khabar" nəşri məlumat yayıb. 

Mərkəzçi Milli Müstəqil Partiyasının (Rastriya Svatantra Partiyası - RSP) lideri olan 35 yaşlı B.Şah həm də Katmandu şəhərinin keçmiş meri idi. Onun artıq yeni vəzifəsinin icrasına başladığı bildirilir. 

"Mən, Balendra Şah xalq və ölkə adından Konstitusiyaya sadiq qalacağıma və Baş nazir vəzifəmi sədaqətlə yerinə yetirəcəyimə söz verirəm", - deyə o andiçmə mərasimində bildirib.

Qeyd edək ki, ötən il sentyabrın əvvəlində hökumətin sosial media platformalarını bloklaması ölkədə kütləvi etirazlara səbəb olmuşdu. Hadisələr zamanı 74 nəfər həlak olmuş və Baş nazir Xadqa Prasad Şarma Oli istefa vermək məcburiyyətində qalmışdı. B. Şah ümumi seçkilərdə baş nazirliyə namizədliyini verəcəyini açıqlamışdı.

Milli.Az