USB yaddaş kartı istifadə edənlər bu səhvi edir

26 Mart 2026 07:07

Cibimizdə gəzdirdiyimiz daşınan yaddaş qurğuları rəqəmsal mənada bir məlumat bankı funksiyasını yerinə yetirir. Məlumatları köçürmək və daşımaq üçün istifadə etdiyimiz USB yaddaş qurğuları (fleşkartlar) ilə bağlı edilən bir səhv bütün məlumatların itirilməsinə səbəb ola bilər. Ekspertlər bu mövzuda hər kəsə xəbərdarlıq edir.

Milli.Az xəbər verir ki, kiçik ölçülü olmalarına baxmayaraq, böyük həcmdə məlumat tutan USB yaddaş qurğuları daşınma rahatlığına görə çox seçilir. Lakin bu rahatlıq onları həm oğurluğa, həm də fiziki zədələrə qarşı həssas edir. Xarici görünüşü davamlı görünsə də, daxili komponentləri temperatur dəyişikliyinə, maye təmasına və rütubətə qarşı olduqca müdafiəsizdir.

USB yaddaş qurğularının cibdə daşınması geniş yayılan, lakin riskli bir vərdişdir. Cibdə unudulan yaddaş qurğuları paltaryuyan maşına düşdükdə su, yuyucu toz və fırlanma döngüsü cihazı ciddi şəkildə zədələyir. Ən böyük zərbə isə quruducu maşından gəlir; yüksək temperatur cihazın daxili hissəsini tamamilə sıradan çıxarır.

Bundan əlavə, hamamda yaranan yüksək rütubət cihazın içinə hopur. Bu nəm, yaddaş qurğusunu kompüterə taxdığınız anda qısaqapanmaya və məlumatların "yanmasına" səbəb ola bilər. Ekspertlər bu qurğuları hamama aparmamağı və cibdə daşımamağı tövsiyə edir.

Risk bununla bitmir. USB yaddaş qurğularını modem, oyun konsolu və ya kompüter korpusu kimi davamlı isinən cihazların yanında və ya onlara taxılı vəziyyətdə qoymaq cihazın "bişməsinə" səbəb olur. Davamlı enerji axını istilik yaradır, istilik isə zərər verir.

İnternet klublar və kitabxanalar kimi ictimai yerlərdə USB yaddaş qurğularından istifadə etmək də təhlükəlidir. Bu yerlərdə unudulan cihazlar həm oğurlana bilər, həm də kiber cinayət alətinə çevrilə bilər. Təhlükəsizliyi zəif olan kompüterlərdəki zərərli proqramlar (viruslar) asanlıqla yaddaş qurğusuna yoluxur və siz həmin virusu öz əlinizlə evinizə gətirmiş olursunuz.

Məlumatlarınızı qorumaq üçün praktiki məsləhətlər:

Yaddaş qurğusunu kompüterdə taxılı saxlamayın.

Cihazı anahtarlığa taxaraq və ya xüsusi qutuda daşıyaraq itmək və unudulmaq riskini azaldın.

İctimai kompüterlərdən istifadə etdikdən sonra cihazınızı mütləq antivirus proqramı ilə yoxlayın.

Lalə Qüdrətova
Milli.Az