ABŞ-nin general və komandanlıq heyəti Yaxın Şərqə gedir

24 Mart 2026 22:22

ABŞ ordusunun ən seçmə birliklərindən biri olan 82-ci Hava Desant Diviziyasının komandanı general-mayor Brandon Teqtmeier və yüksək rütbəli qərargah heyətinə Yaxın Şərqə hərəkət əmri verilib.

Milli.Az xəbər verir ki, Fox News-un yaydığı bu məlumat ABŞ-nin İrana qarşı yalnız hava hücumları ilə kifayətlənməyib, strateji nöqtələri hədəf alan quru əməliyyatına hazırlaşdığı iddialarını daha da gücləndirib.

82-ci Hava Desant Diviziyası ABŞ ordusunun "Təcili Müdaxilə Qüvvəsi" kimi tanınır. Hərbi ekspertlər bu birliyin komanda heyətinin bölgəyə göndərilməsini aşağıdakı risklərlə əlaqələndirirlər:

İranın neft mərkəzi olan Xark adasının ələ keçirilməsi planı.

Nüvə obyektlərinə qarşı sürətli quru reydlərinin təşkili.

Pentaqon bu addımı Prezident Trampa "maksimum seçimlər təqdim etmək" üçün atılan rutin bir hazırlıq kimi qələmə versə də, bu, əməliyyat planlamasının artıq növbəti - icra mərhələsinə keçdiyini göstərir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı hərbi hücum başladaraq danışıqlar prosesini qırmışdı. Bu müddət ərzində İranın ali lideri Əli Xamenei və bir çox yüksək rütbəli rəsmi öldürülüb.

İran buna cavab olaraq İsrailə və ABŞ-nin Qətər, BƏƏ, Bəhreyn kimi ölkələrdəki bazalarına zərbələr endirib.

Lalə Qüdrətova
Milli.Az