Yuxu keyfiyyətini artırmaq üçün yalnız düzgün gündəlik rejimə riayət etmək kifayət etmir; yataq otağının temperaturunun 20-21 dərəcə səviyyəsində saxlanılması da vacib hesab olunur.
Milli.Az xəbər verir ki, rusiyalı mütəxəssis Sergey Kozırev-in sözlərinə görə, yuxunun əsas amili hər gün eyni vaxtda yatmaq və oyanmaqdır. Yuxuya getmək üçün ideal vaxt 22:00-23:00 arasıdır ki, bu da bədənin hormonal ritmi ilə uyğunluq təşkil edir.
Ekspert əlavə edir ki, optimal yuxu müddəti 8-9 saatdır, lakin yaşlı insanlar üçün bir qədər az da yetərlidir. Günün ikinci yarısında gündüz yuxusu tövsiyə olunmur, çünki bu, gecə yuxusunu poza bilər.
Yataq otağının şəraiti də keyfiyyətli yuxuda böyük rol oynayır. Sükut, qaranlıq və rahat temperatur - 20-21 dərəcə - ideal mühit yaradır. Bu temperatur həm tərləməyə, həm də bədənin istilik tənzimləməsi üçün əlavə enerji sərf etməsinə səbəb olmur.
Kozırev bildirib ki, yatmazdan əvvəl güclü vizual və fiziki stimulların qarşısını almaq vacibdir. Smartfon, televizor və intensiv idman yuxuya mane ola bilər. Rahatlama üçün ilıq duş tövsiyə olunur, lakin çox isti və ya soyuq su yuxunu poza bilər.
Mütəxəssisin sözlərinə görə, bu qaydalara əməl edənlərin yuxu keyfiyyəti təxminən iki həftə ərzində nəzərə çarpacaq dərəcədə yaxşılaşır. 70-80% hallarda bu üsul dərman istifadəsi olmadan yuxu problemlərini aradan qaldırmağa imkan verir.
Milli.Az