Türkiyədə böyük rezonans doğuran 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçı qətlinə dair istintaq genişləndirilir. İstintaq çərçivəsində daha əvvəl müğənni Aleyna Kalaycıoğlunun anası Zuhal Kalaycıoğlu və qətli törətməkdə şübhəli bilinən Alaattin Kadayıfçıoğlu da daxil olmaqla 8 nəfər saxlanılmışdı.
Milli.Az xəbər verir ki, hadisədə istifadə edilən avtomobilin sahibi olduğu iddia edilən Bilal Kadayıfçıoğlu ilə məşhur türkücü İzzet Yıldızhan da saxlanılıb.
İstintaq dərinləşdirildikcə yeni detallar üzə çıxır. Müğənni Aleyna Kalaycıoğlunun qətl anında hadisə yerində, avtomobilin içində olduğu müəyyən edilib. Bu səbəbdən Aleyna Kalaycıoğlu və anası Zuhal Kalaycıoğlu barəsində istintaq aparılır. Hər iki şəxs hazırda Gayrettepe polisi tərəfindən dindirilir.
Hadisəni törədən silahlı şəxs olaraq Alaattin Kadayıfçıoğlunun adı müəyyənləşdirilib. Onun ölkədən qaçmağa hazırlaşdığı bildirilirdi. Kadayıfçıoğlu dünən keçirilən əməliyyatla saxlanılıb və hadisə zamanı istifadə olunduğu ehtimal edilən silah da ələ keçirilib.
İstintaq məlumatlarına görə, hücumun əsl hədəfi "Canbay" adı ilə tanınan məşhur repçi Vahap Canbay olub. Lakin açılan atəş nəticəsində avtomobildə olan Kubilay Kaan Kundakçı həyatını itirib.
Lalə Qüdrətova
Milli.Az