Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti keçirilib. Konsert proqramında Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələri çıxış ediblər. İfalardan əvvəl kollecin xalq çalğı alətləri şöbəsinin rəhbəri Cəfər Qafarlı çıxış edərək şöbənin fəaliyyəti haqqında məlumat verib.
Daha sonra konsert qədim musiqi alətlərinin iştirakı ilə Milli Musiqi Alətləri ansamblı (rəhbər Eldar Rəcəbov), "Həcəri" qanunçalanlar ansamblı (rəhbər Nigar Hacızadə) və muğam triosunun ifaları ilə davam edib. Kollecin tar, kamança, qanun, xanəndəlik sinfinin tələbələri rəngarəng proqramla çıxış ediblər. Konsertin sonunda kollecin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov çıxış edərək qonaqlara və tələbələrin çıxışına şərait yaradıldığına görə BMM-in rəhbərliyinə təşəkkür edərək gənc ifaçılara uğurlar arzulayıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az