İran təsəvvürləri alt-üst etdi: “Berlin, Paris və Roma birbaşa TƏHLÜKƏDƏDİR”

22 Mart 2026 10:51

İran İslam Respublikası Hind okeanında yerləşən ABŞ-Böyük Britaniyaya məxsus əsas hərbi baza olan Dieqo Qarsiyaya doğru iki ədəd orta mənzilli ballistik raket buraxmaqla ABŞ-a qarşı hərbi fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirib.

Milli.Az xəbər verir ki, İrandan təxminən 2,500 mil məsafədə yerləşən Dieqo Qarsiyanın hədəfə alınması Tehranın raket imkanlarının əvvəllər qəbul edilən hədləri aşdığını göstərir.

Fevralın 28-də keçirilən "Operation Epic Fury" əməliyyatından əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi belə demişdi: "Biz qəsdən raketlərimizin mənzilini 2,000 kilometrdən aşağı saxlamışıq ki, bu imkanımız olmasın. Biz bunu etmək istəmirik, çünki ABŞ xalqına və bütün avropalılara qarşı düşmənçiliyimiz yoxdur."

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib ki, İran Dieqo Qarsiya adasındakı Amerika hədəfinə doğru 4,000 kilometr (2,500 mil) mənzilə malik iki mərhələli qitələrarası ballistik raket buraxdı: "Bu raketlər İsraili vurmaq üçün nəzərdə tutulmamışdı. Onların mənzili Avropa paytaxtlarına çatır - Berlin, Paris və Roma birbaşa təhlükə zonasındadır."

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Nadav Şoşani isə X platformasında İranın guya verdiyi yanlış məlumatları tənqid edərək yazıb: "Müharibədən cəmi 3 gün əvvəl İran rejimi uzun mənzilli raketlərə malik olmadığını deyirdi. Bu gün isə İran ərazisindən 4,000 km uzaqlığa raket atılması ilə onların yalanı bir daha ifşa olundu. Onlar yalan danışaraq dünyanı terror edə biləcək bir gücə çevrilmək istəyirdilər. Biz buna inanmadıq". /APA

Milli.Az