Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konsert proqramı təqdim olundu. Dirijor Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə keçirilən musiqi axşamı klassik repertuarın incə və rəngarəng nümunələri ilə dinləyicilərə unudulmaz anlar yaşatdı.
Konsert proqramı A.Vivaldi-nin fleyta pikkola və simli orkestr üçün C-dur konserti ilə açıldı. Üç hissədən ibarət olan əsər solist Rəhilə Nəzərovanın ifasında zərif şəkildə səsləndirildi.
Daha sonra F.Mendelssohn-un 2 nömrəli konsert pyesi, h-moll, op.114 təqdim olundu. Əsərdə solistlər Məhəmmədəli Paşazadə və Hüseyn Rzayev yüksək peşəkarlıq nümayiş etdirdilər.
Konsertin növbəti hissəsində F.Devienne-nin fleyta və orkestr üçün 7 nömrəli konserti səsləndirildi. Üç hissəli bu əsər solist Mirxalid Məmmədzadənın ifasında təqdim olundu. A.Dvorak-ın simli orkestr üçün E-dur serenadası (op.22) öz zəngin melodik quruluşu və lirizmi ilə seçilərək konsert proqramına parlaq yekun vurdu.
Bu konsert dinləyicilər tərəfindən alqışlarla qarşılandı və yüksək bədii səviyyəsi ilə yadda qaldı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az