Novruz bayramı bolluq, bərəkət və zəngin süfrələrlə yadda qalır.
Həkimlər xəbərdarlıq edir ki, məhz bu günlərdə demək olar hər kəsin etdiyi bəzi vərdişlər sağlamlıq üçün ciddi risk yarada bilər.
Bayramın dadını çıxarmaq istəyərkən edilən bu səhvlər bəzən günlərlə davam edən narahatlıqlara səbəb olur.
Ən çox rast gəlinən səhvlərdən biri uzun müddət ac qaldıqdan sonra yeməyə ağır qidalarla başlamaqdır. Plov, ət və yağlı yeməklər bir anda qəbul edildikdə mədə üçün ciddi yük yaranır və bu da köp, ağırlıq, hətta halsızlıq hissi ilə nəticələnir. Xüsusilə oruc tutanlar üçün bu vəziyyət daha həssas olur.
Digər yayılmış problem isə şirniyyatların düzgün vaxtda qəbul edilməməsidir. Bayram süfrəsinin ayrılmaz hissəsi olan paxlava, şəkərbura və qoğal adətən əsas yeməkdən dərhal sonra yeyilir. Bu isə həzm sistemini daha da yükləyir və narahatlıq yaradır.
Bununla yanaşı, qazlı içkilərin süfrədə geniş istifadə olunması da vəziyyəti ağırlaşdırır. Şirniyyat və ağır yeməklərlə birlikdə qəbul edilən qazlı içkilər mədədə fermentasiya prosesini sürətləndirir, nəticədə köp və diskomfort hissi artır.
Milli.Az xəbər verir ki, bayram günlərində tez-tez rast gəlinən başqa bir hal isə "ayıbdır" düşüncəsi ilə normadan artıq yeməkdir. Qonaqlıqda edilən israrlara yox deməmək bədənin ehtiyacından çox qida qəbuluna səbəb olur ki, bu da həm həzmə, həm də ümumi sağlamlığa mənfi təsir göstərir.
Üstəlik, saatlarla süfrə arxasında oturmaq və hərəkətsiz qalmaq da vəziyyəti çətinləşdirir. Halbuki qısa bir gəzinti belə həm həzmi yaxşılaşdırır, həm də bədəndəki ağırlıq hissini azaldır.
Mütəxəssislər qeyd edir ki, problem bayram süfrəsinin zənginliyində deyil, ona yanaşmadadır. Eyni yeməklərlə də sağlam qalmaq mümkündür, sadəcə ölçünü qorumaq və bədənin siqnallarına diqqət etmək kifayətdir. Bayramı zövqlə keçirmək üçün isə ən vacib qaydalardan biri vaxtında dayanmağı bacarmaqdır ./ölkə.az
Milli.Az