Bütün "Android" əməliyyat sistemi istifadəçiləri üçün həyəcan siqnalı verilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb.
Bildirilib ki, istifadəçilərə smartfonlarında və digər cihazlarında müəyyən parametrlərdən birini təcili yoxlamaları tövsiyə olunur.
Məlumatda qeyd olunur ki, abunəçilərə sistem təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edilib və bu tövsiyələri qulaqardına vurmamaq məsləhət görülür. Həyəcan siqnalı kibercinayətkarların telefonun kilid ekranını keçməsinə imkan verən zəifliyin aşkar olunmasından sonra verilib. Xəbərə görə, hakerlər bu sistemi bir dəqiqədən də az müddətdə sındıra bilirlər.
Sözügedən zəiflik şəxsi məlumatların sızmasına və cihazın bütün məzmununa çıxış əldə olunmasına səbəb ola bilər. Zəif cihazı USB portu vasitəsilə noutbuka qoşmaq PIN kodunun ələ keçirilməsinə və bütün fayllara girişin mümkün olmasına gətirib çıxara bilər.
Bu zəiflik "MediaTek" prosessorları ilə işləyən "Android" cihazlarına təsir göstərir. Qeyd olunub ki, fırıldaqçılıq riskini azaltmaq üçün istifadəçilər telefonlarında hansı prosessordan istifadə edildiyini yoxlamalıdırlar. Əgər cihazınız "MediaTek" çipi ilə işləyirsə, bütün mövcud təhlükəsizlik yeniləmələrini mümkün qədər tez quraşdırmaq vacibdir. Bununla yanaşı, artıq yeniləmə almayan köhnə cihazlar hələ də risk altında qala bilər.
Milli.Az