ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hərbi əməliyyatların "çox uğurlu" getdiyini iddia edərək diqqətçəkən bəyanatlar verib. Tramp Ağ Evdə keçirilən rəsmi mərasimdə çıxış edərək, İranın hərbi və siyasi gücünün böyük ölçüdə yox edildiyini irəli sürüb.
Milli.Az xəbər verir ki, Tramp son bir neçə həftə ərzində ABŞ-nin dünyada "bütün zamanların ən mürəkkəb və uğurlu hərbi əməliyyatlarından birini" həyata keçirdiyini bildirib:
Trampın iddiasına görə, cəmi iki gün ərzində İranın 58 gəmisi batırılıb və ölkənin donanması tamamilə sıradan çıxarılıb.
O, İranın əlində olan Rusiya və Çin istehsalı olan keyfiyyətli texnikaların ABŞ ordusu qarşısında "heç bir işə yaramadığını" qeyd edib.
Prezident Tramp İranın siyasi rəhbərliyinə ağır zərbə vurulduğunu iddia edib:
"Liderlərinin hamısı getdi. Onlardan sonrakılar da getdi, növbətilərin də çoxu getdi. İndi orada heç kim lider olmaq istəmir. İranla danışmaq istəyirik, amma danışmağa kimsə qalmayıb."
Tramp İranın nüvə silahına sahib olmasına icazə verməyəcəklərini bir daha vurğulayıb. O, bildirib ki, İranın məqsədi Yaxın Şərqi ələ keçirmək idi və nüvə silahı əldə etsəydilər, ondan dərhal istifadə edərdilər: "Bu, dünyanı böyük fəlakətə sürükləyərdi. Bu proses dayandırılmalı idi və biz bunu etdik."
Lalə Qüdrətova
Milli.Az