Pomidorlu Arpa Şəhriyyə Şorbası

21 Mart 2026 00:16

Bu şorba həm yüngül, həm də vitaminlərlə zəngin bir seçimdir. Təzə tərəvəzlər və arpa şəhriyyənin uyğunluğu süfrənizə rəng qatacaq.

Milli.Az lazım olan ərzaqları təqdim edir:
Zeytun yağı: 3 yemək qaşığı

Yaşıl bibər: 2 ədəd

Qırmızı bibər: 1 ədəd

Yerkökü: 1 ədəd

Pomidor tomatı: 1 yemək qaşığı

Pomidor: 2 ədəd (təzə)

Şəkər tozu: Bir kiçik çimdik (pomidorun turşuluğunu balanslaşdırmaq üçün)

Arpa və ya tel şəhriyyə: 2 ovuc

Su: 5 su stəkanı

Cəfəri: 1 ovuc (incə qıyılmış)

Duz və İstiot: Zövqə görə

Hazırlanma qaydası:
Qazanı ocağa qoyun, zeytun yağını əlavə edib qızdırın. Kiçik kublar şəklində doğradığınız bibərləri əlavə edib soteleyin (yumşalana qədər qovurun).

Rəndələdiyiniz yerkökünü əlavə edib qovurmağa davam edin.

Duz və istiotu əlavə edib qarışdırın.

Pomidor tomatını, kiçik kub doğranmış təzə pomidorları və bir çimdik şəkər tozunu əlavə edib bir neçə dəfə qarışdırın.

Şəhriyyəni qazana töküb qarışdırın, dərhal ardınca suyunu əlavə edin.

Şorbanı qaynamağa qoyun (təxminən 15-20 dəqiqə). Sonra ocağın altını qısıb şəhriyyələr tam yumşalana qədər bişirməyə davam edin.

Şorba bişdikdən sonra ocaqdan götürün. İncə doğranmış cəfərini əlavə edib qarışdırın.

Bu şorbanı isti-isti, yanında limon dilimi ilə servis etmək ləzzətini daha da artıracaq.

Lalə Qüdrətova
Milli.Az