Yenilənmiş Renault Megane E-Tech-in gələn ilin yazında təqdim ediləcəyi gözlənilir. Renault-un texniki portalı olan Dialogys vasitəsilə sızdırılan məlumatlar elektromobilin yeni simasını vaxtından əvvəl üzə çıxarıb.
Milli.Az xəbər verir ki, 2026-cı il model makyajlı Megane E-Tech əvvəlki modellərin mürəkkəb işıq imzalarından imtina edərək, daha sadə və tanınan bir dizayn dilinə keçid edəcək.
Genişləndirilmiş almaz naxışlı radiator barmaqlığı daha aşağıda yerləşdirilən loqo və hava girişlərinə inteqrasiya edilmiş LED gündüz fənərləri ilə avtomobil həm Clio, həm də markanın Filante konseptini xatırladır.
Dizaynın ən diqqətçəkən tərəfi elektromobillərə məsafəli yanaşan sürücüləri cəlb etmək üçün şüurlu şəkildə daxili yanma mühərrikli (benzin/dizel) avtomobilləri xatırladan xətlərə üstünlük verilməsidir.
İnteryer və Texnologiya
Daxili məkanda köklü dəyişiklik gözlənilməsə də, materialların keyfiyyəti artırılacaq. Fərqli rəng kombinasiyaları və tamamilə yenilənmiş məlumat-əyləncə (infotainment) proqram təminatı tətbiq olunacaq. Renault 2022-ci ildən bəri satışda olan mövcud nəsli təkmilləşdirərək kabinədə daha müasir bir atmosfer yaratmağı hədəfləyir.
Makyajlı Megane E-Tech xərcləri azaltmaq və əlçatanlığı artırmaq məqsədilə iki fərqli batareya variantı ilə təqdim olunacaq:
Giriş Səviyyəsi (LFP Batareya): İstehsal xərclərini aşağı salmaq üçün NMC yerinə 60 kVt/saatlıq LFP (Litium-Dəmir-Fosfat) batareyadan istifadə ediləcək. Bu modelin təxminən 450 km (WLTP) məsafə qət edəcəyi və başlanğıc qiymətinin 35.000 avro civarında olacağı gözlənilir.
Üst Versiya (NMC Batareya): Scenic modelində də istifadə edilən 87 kVt/saatlıq nəhəng NMC (Nikel-Manqan-Kobalt) batareya yer alacaq. Megane-ın daha yüngül və kompakt quruluşu sayəsində bu batareyanın 650 km-i aşan bir məsafə təmin edəcəyi proqnozlaşdırılır.
Yeni modelin şarj gücünün 150 kVt səviyyəsinə yüksəlməsi gözlənilir. Mövcud 220 at güclü mühərrikin gücünün artırılıb-artırılmayacağı isə hələlik dəqiq deyil. Fransadakı Douai fabrikində istehsal olunacaq makyajlı Megane E-Tech-in rəsmi təqdimatı 2026-cı ilin baharında planlaşdırılır.
Lalə Qüdrətova
Milli.Az