Elvin Hoca Qəniyev yeni albomunu təqdim edib: “Bu, dövrlərin və mədəniyyətlərin dialoqudur!”

20 Mart 2026 15:38

Virtuoz skripkaçı Elvin Hoca Qəniyev Mendelssonun konsertlərindən ibarət yeni albomunu təqdim edib: "Bu, dövrlərin və mədəniyyətlərin dialoqudur!"

Azərbaycanın Əməkdar artisti, virtuoz skripkaçı Elvin Hoca Qəniyev dahi Alman bəstəkarı Feliks Mendelssonun irsinə həsr olunmuş yeni albomunu təqdim edib. Avropanın Solo Musica leybli tərəfindən buraxılan albom artıq beynəlxalq musiqi ictimaiyyətinin diqqətini cəlb edib və ifaçının karyerasında mühüm mərhələyə çevrilərək onun müasir skripka məktəbinin ən parlaq nümayəndələrindən biri statusunu bir daha təsdiqləyib.

Albom Avropanın aparıcı orkestr kollektivlərindən biri - Almaniyanın Württembergische Philharmonie Reutlingen orkestri ilə, görkəmli dirijor Hovard Qriffitsin rəhbərliyi altında yazılıb. Proqrama Mendelssonun yaradıcılığının müxtəlif mərhələlərini əks etdirən iki mühüm əsər daxil edilib: gənclik enerjisi və virtuoz parıltı ilə zəngin re minor skripka konserti və dünya skripka ədəbiyyatının ən böyük şah əsərlərindən biri sayılan, dərinliyi və bədii yetkinliyi ilə seçilən mi minor konsert.

Musiqiçinin interpretasiyası akademik dəqiqliyi və müasir ifadəliliyi birləşdirərək klassik əsərləri yeni baxışla eşitməyə imkan verir.

Layihə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Surkon International şirkətinin dəstəyi ilə həyata keçirilib ki, bu da Elvin Qəniyevin Azərbaycanın mədəniyyət səfiri kimi beynəlxalq səhnədəki fəaliyyətinin əhəmiyyətini bir daha vurğulayır.

Elvin Hoca Qəniyev uşaqlıqdan vunderkind kimi tanınıb və qeyri-rəsmi olaraq "Azərbaycanın Paqanini"si və "Motsartı" adlandırılıb. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə onun adı ölkənin gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib və Prezident təqaüdünə layiq görülüb.

O, musiqiçi ailəsində dünyaya gəlib. İlk müəllimi 5 yaşından etibarən babası - Azərbaycanın xalq artisti, professor, görkəmli skripkaçı və Bilkənt Simfonik Orkestrinin yaradıcısı Sərvər Qəniyev olub. Daha sonra Elvin təhsilini əfsanəvi pedaqoq Zaxar Bronun sinfində davam etdirib, İsveçrə, İspaniya və Almaniyada təhsil alıb.

Trend-ə müsahibəsində musiqiçi yeni albom barədə fikirlərini bölüşüb.

- Niyə məhz Mendelssonun musiqisini seçdiniz?
- Bu albom sadəcə klassik əsərlərin yazısı deyil, skripkanın səsində təcəssüm olunan dövrlər və mədəniyyətlər arasında bir dialoqdur. Mendelssonun musiqisi skripkaçıların repertuarında xüsusi yer tutur: burada incəlik, daxili harmoniya və virtuozluq bir araya gəlir. Mənim üçün re minor erkən konserti və mi minor yetkin konserti bəstəkarın bədii inkişafının, onun daxili təkamülünün və musiqi dilinin formalaşmasının əksi kimi təqdim etmək vacib idi.

- Bu konsertlərin əsas fərqi nədədir?
- Bunlar iki fərqli bədii dünyadır. Erkən konsert impuls, gənclik enerjisi və virtuozluqla zəngindir. Mi minor konsert isə artıq dərin düşünülmüş, hər detalı daxili dramaturgiyaya tabe olan yetkin bir əsərdir. Onları birlikdə ifa etdikdə bu yolun bütövlüyünü - ilhamdan şüurluluğa keçidi hiss etmək olur.

- Bu gün albom buraxmaq nə dərəcədə vacibdir?
- Bu gün yazı beynəlxalq səviyyəyə can atan musiqiçinin karyerasının ayrılmaz hissəsidir. Albom - bədii ifadə, konsert zalından kənarda da dinləyici ilə qalan interpretasiyadır. Canlı ifa bir anlıqdır, yazı isə yaddaşdır, əbədidir! Məhz yazılar ifaçının üslubunu və bədii kimliyini formalaşdıraraq onun uzunmüddətli qəbuluna təsir edir.

Bundan əlavə, yazılar incəsənətin gələcək nəsillər üçün qorunmasına imkan verir. Böyük bəstəkarların əsərləri əsrlər boyu yaşadığı kimi, müasir yazılar sayəsində ifaçı da illər və əsrlər sonra eşidilmək imkanı qazanır. Bu yazılar keçmişlə gələcək arasında körpü rolunu oynayır, insanlara musiqiçinin ustalığı ilə tanış olmaq, onun interpretasiyalarından ilham almaq və milli və dünya musiqi ənənələrini davam etdirmək imkanı verir.

- Siz artıq uzun illərdir Azərbaycanı dünya səhnəsində təmsil edirsiniz. ABŞ-da, Avropa, Afrika və Asiya ölkələrində uğurla çıxış etmisiniz. Bu sizin üçün nə deməkdir?
- Bu, mənim üçün böyük şərəf, qürur və eyni zamanda böyük məsuliyyətdir. Musiqi vasitəsilə Azərbaycanı təmsil etmək incəsənətə sevgi ilə mədəni irsə hörmətin vəhdətidir.

Uşaqlıqdan dövlət tərəfindən yaradıcılıq potensialımın üzə çıxarılması və ideyalarımın reallaşdırılması üçün bütün şərait yaradılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun dəstəyi sayəsində dünyanın ən yaxşı pedaqoqlarından biri olan əfsanəvi Zaxar Bronun, eləcə də Maksim Vengerov, Vadim Repin və Devid Qerrit kimi ustadların yanında təhsil almışam, dünyanın aparıcı musiqi təhsil ocaqlarında oxumuşam, nüfuzlu beynəlxalq müsabiqələrdə iştirak etmiş və onların bir çoxunun laureatı olmuşam. Xüsusilə qeyd etmək istərdim ki, 1715-ci ilə aid Qvarneri skripkasında ifa edirəm və bu alət mənə Azərbaycanın beynəlxalq səviyyədə layiqincə təmsil olunması üçün təqdim olunub.

Hər uğurlu çıxış təkcə şəxsi nailiyyət deyil, həm də ölkəmin mədəniyyətinin təbliğinə töhfədir. Mən səmimi qəlbdən inanıram ki, musiqinin sərhədləri yoxdur və o, insanları birləşdirmək gücünə malikdir. Gələcəkdə də yeni zirvələrə doğru irəliləməyə, yeni layihələr üzərində işləməyə, repertuarımı genişləndirməyə və Azərbaycanı dünya mədəni məkanında layiqincə təmsil etməyə çalışacağam.

Milli.Az