ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Yaponiya Baş naziri Sanae Takaiçi ilə görüşü zamanı etdiyi Pörl-Harbor zarafatı ilə diqqət çəkib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yapon jurnalist Oval Ofisdə sualları cavablandıran Trampdan ABŞ-nin İrana hücum etməzdən əvvəl müttəfiqlərinə niyə məlumat vermədiyini soruşub.
Jurnalist bu vəziyyətin Yaponiyada çaşqınlıq yaratdığını bildirib.
Tramp isə cavabında hücumun sürpriz effektini qorumaq istədiklərini deyib:
"Hərəkət edərkən çox sərt zərbələr endirdik və sürpriz etmək istədiyimiz üçün heç kimə demədik".
Bundan sonra o, Yaponiya ilə bağlı zarafat edib:
"Sürpriz barədə Yaponiyadan daha yaxşı kim bilir? Niyə mənə Pörl-Harbor haqqında danışmadınız?"
Tramp əlavə edib ki, məhz bu sürpriz amili sayəsində ilk günlərdə planlaşdırılan hədəflərin böyük hissəsi zərərsizləşdirilib və əvvəlcədən məlumat verilsəydi, bu effekt əldə olunmazdı.
Qeyd edək ki, Pörl-Harbor hücumu 7 dekabr 1941-ci ildə Yaponiyanın Havaydakı ABŞ hərbi bazasına həyata keçirdiyi hücumdur. Hadisə nəticəsində çoxsaylı hərbi gəmilər zədələnib və 2400-dən çox amerikalı həyatını itirib. Bu hücumdan sonra ABŞ İkinci Dünya Müharibəsinə qoşulub.
Milli.Az