Sosial media məzmun istehsalçısı Auri Kananen "dünyanın ən çirkli evlərini ödənişsiz təmizləmək" şüarı ilə başladığı təşəbbüsü milyonlarla avro dəyərində rəqəmsal ticarət imperiyasına çevirib.
Milli.Az xəbər verir ki, "Aurikatariina" adı ilə tanınan fenomen ənənəvi təmizlik xidmətlərini müasir "məzmun iqtisadiyyatı" ilə birləşdirərək yeni nəsil iş modeli yaradıb.
Kananenin iş sistemi ev sahiblərindən hər hansı bir ödəniş tələb etmir. Lakin bu "pulsuz" model paylaşılan videoların qlobal miqyasda milyonlarla baxış sayı toplaması sayəsində nəhəng reklam və sponsorluq gəlirinə çevrilir.
2026-cı ilin məlumatlarına görə, onun YouTube, TikTok və Instagram-dakı ümumi izləyici sayı 25 milyonu keçib.
Bu geniş kütlə təmizlik vasitələri istehsalçıları ilə bağlanan illik milyonlarla avro dəyərindəki müqavilələrin əsasını təşkil edir.
Kananenin qurduğu media şirkəti təkcə 2025-ci maliyyə ilində reklam gəlirləri, brend əməkdaşlıqları və öz məhsullarının satışı vasitəsilə 1 milyon avroluq (təxminən 1,8 milyon manat) dövriyyə həddini geridə qoyub.
Əldə olunan vəsait peşəkar çəkiliş qruplarının xərclərini, beynəlxalq səyahət xərclərini və ehtiyacı olan ev sahiblərinə edilən mebel və əşya yardımlarını qarşılayır.
Kananen videolarında yalnız təmizlik texnikalarını göstərmir. O, həmçinin ağır depressiya, fiziki məhdudiyyətlər və ya yır-yığış xəstəliyi səbəbindən yaşayış sahələrini idarə etməkdə çətinlik çəkən insanların hekayələrinə diqqət çəkir. Beləliklə, o, izləyicilərinə həm təmizlik motivasiyası, həm də psixoloji dəstək aşılayır.
Lalə Qüdrətova
Milli.Az