“Təqvimə baxanda qorxulu yuxuya bənzəyir”

19 Mart 2026 20:05

"Zirə" Misli Premyer Liqasının 25-ci turunda səfərdə "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün olduqca ağır oyun keçdi. Futbolçularımın göstərdiyi əzmkarlıqdan, intizamdan razı qaldım. Bu gün qələbə qazanmasaydıq da, eyni sözləri deyəcəkdim. Yevlaxda "Karvan-Yevlax"a qarşı oynamaq çətindir. Bu gün bunu yaşadıq. Son turlarda "Karvan-Yevlax"ın oyununda irəliləyiş var. Çoxsaylı qol epizodlarımız oldu. Bu qədər fürsəti qaçıranda qələbə qazanmaq çətin olur. Bir anlıq elə düşündüm ki, oyun bərabərliklə başa çatacaq. Futbolçular sona qədər inandılar, əzmkarlıq göstərdilər. Çox vacib 3 xal qazandıq.

- "Zirə" əvvəlki mövsümlərdə autsayderlərlə oyunlarda xal itirmirdi, bu mövsüm isə çətinlik çəkir. Səbəbi nədir?

- Arxayınlıq deməzdim. İki dəfə "İmişli" ilə, bir dəfə "Kəpəz"lə, bir dəfə də "Şamaxı" ilə matçda xal itirmişik. "Şamaxı"nı zəif komanda kimi görmürəm. Bu komandalar digər iddialı rəqiblərlə oyunlarda da məğlub olmayıblar. Belə olan halda bizə də bu komandalar üzərində qələbə qazanmaq çətin olur. Düz vurğulayırsınız ki, əvvəlki mövsümlərdə aşağı pillələrdə gedən rəqiblərlə oyunlarda inamlı görünürdük, qələbələrimiz daha çox olurdu. Builki aşağıda gedən komandalarla əvvəlkilər arasında fərq var.

- "Araz-Naxçıvan" və "Neftçi"nin yaxınlaşması sizdə təzyiq yaradır?

- Biz bunu gözləyirdik. Qış fasiləsində futbolçularımıza demişdik ki, avrokuboklara vəsiqə qazanmaq asan olmayacaq. Hər oyun vacibdir. Kimin harada xal itirəcəyi bilinmir. Yarış bu şəkildə gedəcək.

- "Zirə" 4-cü yeri tutmasa, necə dəyərləndirəcəksiniz?

- Avrokuboklara vəsiqə qazanmasaq, məşqçi olaraq uğursuz hesab edəcəyəm.

- Nəyi necə etməlisiniz ki, avrokuboklara vəsiqə qazanasınız?

- Əvvəlki illərdə necə etmişiksə, təkrarlayırıq. Nə isə yeni bir şey yoxdur. Yeni olan şey odur ki, bu il rəqiblərimiz daha güclüdür. Bunu da nəzərə almaq lazımdır. Müasir futbolda yeni dəb yaranıb - standart vəziyyətlər. Əvvəl də var idi, amma bu qədər deyildi. Hansısa oyuna rahat hazırlaşa bilmirsən. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Başa düşürük ki, bizi çox ciddi rəqabət gözləyir.

- Milli fasilə işinizə yarayacaq?

- Qələbə qazandıqdan sonra təbii olaraq fasilə istəmirsən. Sadəcə olaraq zədədən dönən futbolçularımız var. Bu baxımdan, bəlkə faydası ola bilər. Digər tərəfdən, bir neçə futbolçumuz milli komandalara gedəcək. Necə təsir edəcəyini zaman göstərəcək. Fasilədən dərhal sonra kubokun yarımfinal oyununun olması bir az narahatlıq yaradır. Çalışacağıq ki, həmin matça ən yaxşı formada hazır olaq. Qısa müddətdə bir neçə oyunumuz olacaq. Təqvimə baxanda qorxulu yuxuya bənzəyir.

- Rəqibin qolunda dərhal dördüncü hakimə etiraz etdiniz. Mənə elə gəlir ki, sizin etirazdan sonra VAR-a baxdılar. Siz necə düşünürsünüz?

- Yox, yox, mən, əslində, yüngül etiraz etdim. Başqa vaxt daha çox edərdim. Oyundan əvvəl özümü hazırlamışdım ki, meydanın kənarında çox emosional olmayım. Çünki matçın gərgin keçəcəyini gözləyirdim. Düşünürdüm ki, bu gün sakit olmağımın futbolçulara daha çox faydası olacaq.

Milli.Az