"Yeni adlar” layihəsi çərçivəsində maraqlı və yaddaqalan konsert proqramı təqdim olundu - FOTO

19 Mart 2026 20:02

"Yeni adlar" layihəsi çərçivəsində maraqlı və yaddaqalan konsert proqramı təqdim olundu. Gecədə dirijor əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Dövlət Kamera Orkestri dinləyicilər qarşısında çıxış etdi. 

Milli.Az xəbər verir ki, konsert proqramı klassik və müasir musiqinin incilərini bir araya gətirərək, gənc və istedadlı ifaçıların sənətini nümayiş etdirmək məqsədi daşıyırdı. Gecənin ilk hissəsində solist Elçin Məmmədov (piano) yüksək peşəkarlıqla dünya klassik musiqisinin görkəmli nümayəndəsi J.S.Bach-ın piano və orkestr üçün 5 nömrəli konsertini (f-moll) səsləndirdi. 

Proqramın davamında XX əsr musiqisinin parlaq simalarından A.Schnittke-nin piano və simlilər üçün konserti (op.136) ifa olundu. Bu əsərdə solist qismində Nərgiz Kəngərli çıxış edərək öz interpretasiyası ilə dinləyicilərə dərin emosional təsir bağışladı.

"Yeni adlar" layihəsi gənc ifaçıların səhnə təcrübəsinin artırılması və onların geniş auditoriyaya tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. 

Gecə alqışlarla yekunlaşdı və ifaçılar musiqisevərlərə unudulmaz təəssüratlar bəxş etdilər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Milli.Az