“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib - FOTO

19 Mart 2026 16:59

Sayca beşinci KOB evi Gəncə şəhərində fəaliyyətə başlayıb. "Gəncə KOB evi"ndə 15 dövlət qurumu (İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Reklam Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Gömrük Komitəsi, "Azəriqaz" İB, "Azərişıq" ASC, ADSEA, Gəncə Şəhər İcra Hakimiyyəti) tərəfindən sahibkarlara 80-dən çox xidmət göstəriləcək.

Milli.Az xəbər verir ki, sahibkarlar biznesin qeydiyyatı, vergi, gömrük və ixrac məsələləri, lisenziya, mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsi, nəqliyyat vasitələri üçün fərqlənmə nişanlarının alınması və digər icazələr, investisiya təşviqi sənədi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi xidmətləri, ekoloji icazələr və təbii ehtiyatlardan istifadə, sosial müdafiə və məşğulluq məsələləri, kommunal xidmətlərə qoşulma və s. xidmətlər üçün "Gəncə KOB evi"nə müraciət edə bilərlər.

KOB evində, həmçinin sahibkarlara özəl təşkilatlar tərəfindən bank, sığorta, konsaltinq, lizinq, tərcümə və s. kimi "B2B" xidmətlər də göstəriləcək. Ümumilikdə "Gəncə KOB evi"ndə 33 xidmət pəncərəsində sahibkarlara "G2B" və "B2B" xidmətlər təqdim olunacaq. Gəncə şəhəri ilə yanaşı, ətraf şəhər və rayonların sahibkarları da "Gəncə KOB evi"nin xidmətlərindən istifadə edə bilərlər.

Sahibkarlara biznes ideyalarının reallaşması üçün məsləhət, təlim, biznes planın hazırlanması, şəbəkələşmə kimi xidmətlər göstərəcək Gəncə KOB İnkişaf Mərkəzi və KOB dostu ofisi də bu binada yerləşir. "Gəncə KOB evi"ndə, həmçinin sahibkarlarla görüşlərin və tədbirlərin təşkili üçün konfrans zalı, iş otaqları və digər zəruri infrastruktur yaradılıb. İki mərtəbədən ibarət binanın ümumi sahəsi 2156 kvadratmetrdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və regionda fəaliyyət göstərən sahibkarlar "Gəncə KOB evi"ndə sahibkarlar üçün yaradılmış şərait, dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmət pəncərələri ilə tanış olublar.

Qeyd edək ki, "Gəncə KOB evi" Kəpəz rayonu, Zərifə Əliyeva prospekti, 166 ünvanında yerləşir. KOB evi həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək sahibkarlara xidmət göstərəcək.

Hazırda KOB evləri Gəncə şəhəri ilə yanaşı, Bakı, Xaçmaz (həmçinin Xudatda "Food City" Aqroparkında xidmət mərkəzi), Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Sahibkarlara xidmətlərin vahid məkanda göstərilməsi, dövlət xidmətlərinə sürətli və rahat çıxış, vaxta və əməliyyat xərclərinə qənaət KOB evlərinin başlıca üstünlükləridir. Ümumilikdə KOB evlərində sahibkarlara 35 dövlət qurumu tərəfindən 300-dən çox G2B və 13 özəl təşkilat tərəfindən isə 160 B2B xidmət göstərilir. Bu il yanvarın 1-nə KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1,5 milyona yaxın xidmət göstərilib. 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən KOB evi modeli sahibkarlara xidmət sahəsində innovativ təşəbbüs kimi qiymətləndirilib və nümunəvi təcrübə kimi tətbiqi tövsiyə edilib. KOB evi modeli bir sıra ölkələrin diqqətindədir və bu modelin öyrənilməsi üçün KOBİA ilə əməkdaşlıq sənədləri imzalanıb.

Milli.Az