"Forbes" nəşri 2026-cı il üçün milyarderlər reytinqini yeniləyib. Gürcüstan vətəndaşları arasında ən varlı şəxs yenə də "Kaspi.kz"nin təsisçisi və rəhbəri Mixael Lomtadze olaraq qalır.
Milli.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir
Batumi şəhərində doğulan və 2007-ci ildən etibarən Qazaxıstanda yaşayan Lomtadzenin sərvəti nəşr tərəfindən 6 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir. "Forbes"ın məlumatına görə, son bir ildə onun sərvəti təxminən 100 milyon dollar artıb. Bu kapital ilə o, dünyanın ən varlı insanları siyahısında 680-ci yeri tutur.
Hakim Gürcü Arzusu partiyasının qurucusu Bidzina İvanişvili isə 2,7 milyard dollarlıq sərvətlə 1543-cü pillədə qərarlaşıb. "Forbes"ın məlumatına görə, onun sərvəti son bir ildə dəyişməyib. Daha əvvəl, 2025-ci ilə qədər, nəşr onun sərvətini 4,9 milyard dollar olaraq qiymətləndirirdi, lakin aktivlərin şəffaflığının azalması səbəbindən hesablamalar yenidən nəzərdən keçirilib. Hazırkı qiymətləndirməyə İvanişvili ailəsinin əmlakı da daxildir.
İvanişvili ilk dəfə 2024-cü ildə ən varlı gürcü titulunu Lomtadzeyə uduzub və o vaxtdan bəri vəziyyət dəyişməyib.
Lomtadzenin əsas kapital mənbəyi Qazaxıstanın fintex holdinqi "Kaspi.kz"dir. O, burada səhmdar, idarə heyətinin sədri və direktorlar şurasının üzvü vəzifələrini tutur. "Kaspi.kz" rəqəmsal bankı, ödəniş platformasını, mobil maliyyə xidmətləri sistemini, kreditləşmə və depozit məhsullarını, həmçinin elektron ticarət üçün marketpleysi birləşdirir.
Lomtadzenin aparıcı Azərbaycan elan saytları olan "turbo.az", "tap.az", "boss.az" və "bina.az"-ı satın alma tarixi məlum deyil. Lakin saytlara sahib olan "DIGITAL CLASSIFIEDS" MMC 16 avqust 2021-ci ildə dövlət reyestrində qeydiyyata alınıb. MMC-nin nizamnamə kapitalı 50.000 manatdır və hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza küçəsi, 75-dir. Şirkətin qanuni nümayəndəsi Gürcüstan vətəndaşı Mamuka Krivalidzedir.
Milli.Az